Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır

Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır backend

Xəstəliklər müxtəlif olduğu kimi onlar haqqında olan fikirlər də cəmiyyət tərəfindən fərqli düşünülür.

Çox təəssüf ki, yanlışları doğru bilərək, vaxtında aşkar edilə biləcək xəstəlikləri gecikdirməklə sağlamlığımıza ziyan vururuq. Tiroid xəstəlikləri ilə bağlı bir çox doğru bilinən yanlışlar vardır. Hər bir tiroid xəstəliyi olan insan bu barədə məlumatı olmalıdır.
Tiroid xəstəliklərilə bağlı doğru bilinən yanlışlar

- Hipotireoz xəstələri müvəqqəti dərman içməlidir fikri yanlışdır! Bu diaqnoz qoyulmuşsa, dərman ömür boyu qəbul edilməlidir.
- Tiroid düyünü olan hər bir xəstə əməliyyat olunmalıdır fikri yanlışdır! Tiroid düyünlərinin sadəcə 10%-i əməliyyata göstəriş ola bilər.
- Tiroid biopsiyası ağrılıdır və etdikdə düyünlər yayılır düşüncəsi səhvdir! Biopsiya USM altında aparılan, ağrılı olmayan və xərçəng diaqnozunu vaxtında aşkara cıxaran önəmli bir müayinə üsuludur.
- Radioaktiv yod müalicəsi zərərlidir fikri yanlışlardan biridir! Düzgün diaqnozda və düzgün dozalarda verildikdə əlavə təsirləri az olan müalicə növüdür.
- Tiroid xərçəngi ancaq yaşlılarda görülür - düzgün fikir deyil! Cavanlarda 20-30 yaş arası da rast gəlinə bilər.
Ona görə də ətrafdakı həkim olmayan insanların düşüncəsi ilə deyil, həkiminizin məsləhətini dinləyib xəstəliyinizi erkən dönəmdə aşkarlayın!
Hər tiroid düyününə əməliyyat lazımdırmı?
Cərrahi əməliyyat tiroid xəstəliklərinin müalicəsində istifadə olunan seçimlərdən biridir. Bu əməliyyatların göstərişə uyğun və lazım olan zamanda edilməsi gələcəkdə yarana bilən problemlərin olmaması deməkdir. Bəzi xəstələr USM edərkən qalxanabənzər vəzdə düyün aşkar olunduqda müalicənin yalnız cərrahi əməliyyat olduğunu düşünür və göstəriş olmadan əməliyyat etdirirlər. Tiroid əməliyyatının öz göstərişləri vardır və tiroiddə tapılan hər düyün əməliyyat olunmamalıdır!
Əməliyyat kimlərə edilir?
- İİAB (incə iynə biopsiyası) ilə dəqiqləşən tiroid xərçəngi və ya xərçəng şübhəsi olan düyünlər
- Böyük ölçülü və ətrafa təzyiq edən düyünlər
- Kosmetik problem yaradan düyünlər
- Tiroid vəzin çox çalışması (hipertireoz) - hansı xəstələrdə dərman və ya radioaktiv yodla müalicə effekt vermirsə, müalicədən sonra yenidən hipertireoz təkrarlanırsa, bu xəstələrə əməliyyat göstəriş ola bilər. Biopsiyada düyündə xərçəng inkar olunmuşsa və hormonlar normaldırsa, düyün sadəcə nəzarət altında qalmalıdır. Amma USM zamanı düyünlərin ölçülərində gedərək böyümə aşkar olunursa, bu düyünlərə əməliyyat düşünülə bilər.
Xərçəng şübhəsi olan tiroid düyünlərinin özəllikləri
Tiroid vəzin düyünləri tiroid xəstəlikləri arasında çox sıx rast gəlinərək, ya tək düyün, ya da çox düyünlü formada özünü göstərir. Tiroid düyünlərinin bir qismi əllə hiss olunsa da, bir çoxu tiroid USM vasitəsilə təsadüfü yoxlanış nəticəsində aşkara çıxarılır. Qadınlarda kişilərə nisbətdə daha çox rast gəlinir. Tiroid düyünu olan hər kəs bu düyünlərdə xərçəng olma riskinin özəlliklərini bilməlidir. Bu özəlliklər hansılardır?
- Düyünün sürətlə böyüməsi (Tiroid USM kontrolu altında)
- Nəfəs darlığı, səs qalınlaşmasının getdikcə artması
- 20 yaşdan öncə və 60 yaşdan sonra tiroid düyününün olması
- Ailədə tiroid xərçənginin olması
- Uşaq və kişilərdə olan tiroid düyünlər
- Öncədən baş-boyun radioterapiyası alanlar
- Ssintiqrafiya müayinəsi zamanı soyuq düyünlərin aşkara çıxarılması.
Bütün bu özəlliklər xəstələr tərəfindən diqqətə alınmalı və tiroid düyününə səhlənkar yanaşılmamalıdır! Endokrinoloq tərəfindən təyin olunmuş müayinələr (Tiroid USM, Punksion biopsiya, Ssintiqrafiya) zamanında, gecikdirilmədən edilirsə, tiroid xərçənginin qarşısı alınmış olacaqdır!
Nadirə Ağazadə, endokrinoloq
Aile.lent.az

Saglamolun.Az
Diaspora