“Siz nə işlə məşğulsunuz?” - Professordan nazirliyə sərt İTTİHAMLAR

“Siz nə işlə məşğulsunuz?” - Professordan nazirliyə sərt İTTİHAMLAR backend

"H3N2-virusu ilə bağlı olaraq Azərbaycanda karantin elan olunmalıdır”. Bunu BakiPost.az-a açıqlamasında tanınmış həkim, professor Adil Qeybulla deyib. Professor bu qrip virusu ilə bağlı ciddi tədbirlər görülmədiyi üçün Səhiyyə Nazirliyini və bu məsələyə aiddiyəti olan şəxsləri günahlandırıb: "Qrip virusu ilə bağlı maarifləndirici tədbirlər görülməlidir. Heç bunu biz televiziya ekranlarından eşitmişikmi? Heç bir yerdə bu barədə məlumat verilmir. Rəsmi şəkildə bu virusla bağlı heç bir informasiya verilmir.

Əksinə baş mütəxəssis adlanan şəxslər mətbuata açıqlama verirlər ki, heç bir narahatlığa əsas yoxdur. Bizi də ittiham edirlər ki, guya öz ixtisasımıza aid olmayan məsələlərdən danışırıq. Halbuki, özləri bir işlə məşğul deyillər. Bu şəxslərə sual vermək lazımdır ki, siz nə işlə məşğulsuz? Onlar bir dəfə də olsun televiziyadan və ya mətbuatdan xalqa deyiblərmi ki, bu qripdən necə qorunun, hansı tədbirləri görün? Onların deməli olduqlarını başqaları deyir. Həmin şəxslər gözləyir ki, Səhiyyə Nazirliyi onlara nə vaxt icazə verəcək. Ondan sonra da həmin mütəxəssislər mətbuata bu haqda danışacaqlar. Amma bu, düzgün deyil”.

Qrip karantin infeksiyası sayılır?

Adil Qeybulla qeyd edib ki, dörd karantin infeksiyadan biri məhz qrip sayılır: "Bunlar vəba, taun, sarı qızdırma və qripdir. Qripdən öncə 4-cü infeksiya təbii çiçək idi. Bu gün təbii çiçəyin kökü kəsildiyi üçün onun yerini qrip əvəz edib. Ona görə də qrip virusunun yayılmasına qarşı epidemiya və pandemiyaya meylli virus olduğu üçün daim nəzarət altında olmalıdır.

Xüsusilə də bu xəstəliyə belə sayğısız yanaşmaq, əhalini heç bir problemin olmadığını deməklə sakitləşdirmək məncə düzgün deyil”.

H3N2 qrip virusdan sonra hansısa fəsadlar qalırmı?


Professor vurğulayıb ki, bu xəstəlikdən sonra xeyli problemlər qalır: "Xəstələrdə ağırlaşmalar, hətta ölüm faktları haqda şayiələr də gəzir. Düzdür, bunu birbaşa təsdiq edə bilmirik. Çünki rəsmi statistika yoxdur. Hər halda belə bir virus ölümə gətirib çıxara bilər.

Mart ayının ortalarına kimi bu proses tam səngiyəcək. Amma bu, sezon qripi şəklində gedir. Hər halda insanlar bundan xeyli əziyyət çəkir. Çünki qripdən sonra xeyli fəsadlar qalır. Xroniki bronxitlər, yuxarı tənəffüs yollarının xroniki iltihab prosesləri, digər orqanlarda problemlər yarana bilər. Virus bədəndə öz izini qoyub gedir. Nə qədər bunun qarşısı tez alınsa, o qədər az adam əziyyət çəkər”.
Diaspora