Siz elə indi "facebook"da dostlarınızın yeni foto və statuslarını nəzərdən keçirirsiniz?
Yaxud da dostunuzla sadəcə məktublaşırsınız? Onda sizə bəd xəbərimiz var.Publika.az xarici mətbuata istinadən xəbər verir ki, telefonda, internetdə daha çox vaxt keçirən insanların qozbelə çevrilmək ehtimalı daha çoxdur. Odur ki, qədd-qamətiniz barədə düşünməyə dəyər. Əgər siz səhv oturur və ya düzgün dayanmırsınızsa, bu halda bilmədən onurğa sütununu 27 kiloqramadək yükləmiş olursunuz.
Bu gün insanlar orta hesabla gündə təxminən dörd saat mobil telefondan istifadə edir. Bəzi hallarda bu rəqəm hətta ona kimi qalxa bilər. Telefondan istifadə zamanı səhv dayanmaq və oturmaq onurğa sütununda kifayət qədər ciddi zərərlərə gətirib çıxara bilər. Adamın başının çəkisi orta hesabla 10-12 kq-dır, bu isə o deməkdir ki, onurğa sütunu yüklənib və o, daim fəaliyyət göstərir. Əlbəttə ki, siz başınızı aşağı əyməmisinizsə. Məsələ ondadır ki, başınızı aşağı sallayaraq onurğa sütununun yükünü artırmış olursunuz.
Son tədqiqatların nəticələri göstərir ki, əgər siz cəmi 15 dərəcə başınızı əysəniz, onurğa sütununun yükünü 12 kiloqramadək artırarsınız, əgər 30 maillik dərəcə təşkil edərsə, yük 20 kq-a qədər, 45 dərəcədə 22 kq-dək, 60 dərəcə maillikdə olduqda isə yük 27 kq-dək artacaq. Ən acınacaqlısı odur ki, insanların əksəriyyəti telefondan istifadə zamanı başını 60 dərəcə altında saxlayır. Sözsüz ki, bütün bunlar kifayət qədər ağır fəsadlara gətirib çıxarır.
Odur ki, bu andan etibarən telefonda hər hansı mətn oxuyarkən son dərəcə diqqətli olun, başınızı çox aşağı əyməyin, qaməti isə düz saxlayın. Bütün yükün onurğa sütununa düşməməsi üçün telefonu maksimum yuxarıda tutmağa çalışın.