Kətan toxumu nadir müalicəvi xüsusiyyətlərinə malik olan məhsuldur.
Təəssüf ki, bizdə kətan toxumu, kətan unu, kətan yağı populyar deyil. Xaricdə isə bu məhsullar çox geniş istifadə olunur.Kətan toxumu A, C, E, F vitaminlərlə, kalium, marqans, maqnezium, dəmir, sink, kalsium, yod kimi mikroelementlər, aminturşular, antioksidantlarla zəngindir.
Kətan toxumu çox güclü işlətmə dərmanıdır. Kətan toxumu bağırsaqları yaxşı təmizləyir, qəbizlikdən azad edir və arıqlamağa kömək edir.
Tarixi fakt: keçmişdə hərbi paradlardan 1 gün əvvəl atlara kətan toxumu verirdilər ki, atların bağırsaqları yaxşı təmizlənsin və parad zamanı atlar meydanı çirkləndirməsin.
Bağırsaqları təzmizləmək və arıqlamaq məqsədi ilə 1 desert qaşığı kətan toxumu üyüdmək və 1 stəkan təmiz suda qarışdırıb səhər tezdən kiçik qurtumlarla acqarına içmək lazımdır. Müalicə kursu – 1 həftə.
Kətan toxumu dəmləməsi mədədə eroziyaların və xoraların tez sağalmasına kömək edir. 1 xörək qaşığı kətan toxumu 2 stəkan qaynar suda 3 saat ərzində termosda dəmlənilir, sonra isə süzülür və süzgəcdən yaxşı sıxılır. Dəmləmə selikli alınır. Gün ərzində 1 stəkan dəmləmə qəbul edin.
Kətan toxumu Omeqa-3 və Omeqa-6 yağlı turşularla zəngindir. Bu maddələr aterosklerozun riskini azaldır, pis xolesterinin səviyyəsini aşağı salır, ürəyin və beyin damarlarının fəaliyyətini yaxşılaşdırır.
Kətan toxumu həmçinin qanda şəkərin səviyyəsini aşağı salır, mübadilə proseslərinə müsbət təsir edir, iltihabları müalicə edir.
Kətan toxumun növbəti nadir xüsusiyyəti – süd vəzi xərçənginin riskinin azaldılmasıdır. Araşdırmalar nəticəsində sübut olunub ki, kətan toxumunun tərkibində xüsusi maddə “liqnan” var ki, bu maddə qadınlarda süd vəzi xərçənginin riskini 20% kimi azaldır. Məhz bu səbəbdən klimaks dövründə və klimaksdan sonra qadınlar kətan toxumu və həmçinin kətan yağı öz qidalanmasına mütləq daxil etməlidir. Həmçinin kətan toxumu qadınlarda klimaksla bağlı olan nasazlıqları azaldır.
Kətan toxumu çiy vəziyyətdə yemək, üyüdüb un məmulatları bişirdikdə buğda ununa, müxtəlif sıyıqlara, kəsmiyə əlavə etmək olar. Kətan yağını isə müxtəlif salatlara və hazır qidalara əlavə etmək olar.
Kətan yağı həmçinin dəriyə də çox müsbət təsir edir – dərini daha hamar və elastik edir, xırda qırışları yox edir. 1 xörək qaşığı kətan yağı 1 xörək qaşığı limon şirəsi ilə qarışdırılır, təmiz tənzif qarışıqda isladılır və üz dərisinə və boyun nahiyəsinə qoyulur. 30 dəqiqədən sonra tənzifi götürün, üzünüzü yunun və istənilən qidalandırıcı krem çəkin. /saqlamheyat.az/