Ələmdar Məmmədov: Uşağa daha çox gen anadan keçir

Ələmdar Məmmədov: Uşağa daha çox gen anadan keçir backend

“Yəhudilər genofond məsələsində ana xəttinə daha çox üstünlük verirlər. Yəni anası yəhudi olmayanı onlar özlərindən hesab etmir. Əslində bunun elmi əsası var”.

Qaziler.az xəbər verir ki, bunu Lent.az-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasında yeni yaradılmış Molekulyar Biologiya və Texnologiyalar İnstitutunda genomun quruluşu və ekspedisiyası laboratoriyasının əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov deyib.

O, bildirib ki, hüceyrənin daxilində nüvə genomundan başqa mitoxondri genomu da var. Bu, hüceyrənin enerji mənbəyidir. Çünki orqanizm üçün lazım olan ATF enerjisi orada formalaşır:

“Bu isə yalnız ananın yumurta hüceyrəsi ilə gələcək nəslə ötürülür. Spermatozoiddə mitoxondri toplanan quyruq hissəsi mayalanmada iştirak etmir, qırılıb qalır çöldə. Ona görə də deyə bilərik ki, gələcək nəslə daha çox gen anadan keçir. Çünki hamımızın mitoxondri genomumuz ana xəttimizdən gəlir. Bunun özü də elə bil ki, təbiət tərəfindən verilən bir siqnaldır. Bu məsələ məhkəmə tibbi ekspertizasında da xüsusi rol oynayır. İnsanın ana xətti ilə qohumluğunu bu vasitə ilə müəyyənləşdirmək çox asanlaşır. Mən özüm də uzun müddətdir ekspert kimi işləyirəm. Mübahisəli atalıq və analıq məsələlərini beləcə rahat müəyyənləşdirmək mümkündür”.

Ə.Məmmədov genofond məsələsində daha çox qadınların iştirak etdiyini vurğulayır. Onun sözlərinə görə, əgər məsələyə genlərin sayı baxımından yanaşsaq təbii ki, qadınların rolu böyükdür. Analardan övlada daha çox gen verilir:

“İdman genetikası deyilən elm sahəsi çoxdan inkişaf edib. Biz də Azərbaycanda bu istiqamətdə yeni nələrsə etməyə çalışırıq. Əsasən sürət, dözümlülük, güc məsələsinə diqqət yetirilir. Bu üç keyfiyyəti formalaşdıran ayrıca genlər var. Hələ mikrobiologiyanın inkişafından əvvəl elmdə ata və anası idmanda nailiyyət göstərən idmançılarla, valideynlərindən yalnız biri idmançı olan və heç biri idmançı olmayanları müqayisə ediblər.

Müəyyən edilib ki, 1-ci variantdakı cütlüklərin övladları o birilərinə nisbətən 70 faiz üstünlüyə malikdir. Hətta bu uşaqlar valideynlərindən də yüksək nəticələr əldə edə bilirlər. Yəni hibrid həmişə valideynə nisbətən daha güclü olur. Sağlam genlər bir genomda cəmləşir və nəticə daha da yüksək olur”.

Mütəxəssis ölkədə xüsusi qabiliyyəti olan insanların, Azərbaycanın tarixində öz sözünü demiş şəxslərin nəsillərinə genlərinin sıradan çıxmaması üçün daha diqqətlə yanaşmaq mövzusuna da toxunub:

“Elmdə belə şeylər olub ki, kiminsə dırnağını, saçını, hətta spermasını saxlayıblar. Yəni bu görkəmli insanların genlərini o ehtimalla saxlayıblar ki, nə vaxtsa onlar klonlaşdırılacaq. Bu, bir neçə il əvvəl daha geniş vüsət almışdı. Təbii ki, lazımlı hesab etdiyimiz insanların genomu dediyimiz xromosomlarını dondurub saxlamaq mümkündür. Bu, artıq çoxlarına məlumdur ki, bəzi zəngin insanlar sağalmaz xəstəliyə yaxalanıblar deyə, özlərini dondurub saxlatdırıblar ki, həmin xəstəliklərin müalicəsi tapılan vaxt onları ayıltsınlar”.
Diaspora