“Azərbaycanda satılan duzun əksər hissəsi insan sağlamlığı üçün təhlükəlidir”.
Bu haqda Modern.az-a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov məlumat verib.Sədr bununla bağlı hələ uzun müddət əvvəl problem olduğunu xatırladıb: “2001-ci ilə qədər əhalinin çox hissəsi yod çatışmazlığı xəstəliyindən əziyyət çəkib. Bu xüsusilə ölü uşaqların doğulmasına, qısaboyluluğa, immunitetin aşağı düşməsinə, lal-karlılığa, o cümlədən zob xəstəliyinin meydana gəlməsinə səbəb olan amil idi. Təəssüf ki, Azərbaycanın Zaqatala, Balakən bölgələrində bununla bağlı problemlər indi də qalmaqdadır. Müstəqillik illərində məlum oldu ki, yod çatışmazlığı artıq Bakını da bürüyüb və 75 faiz əhali yod çatışmazlığından əziyyət çəkir. 2001-ci ildə ölkədə yodla bağlı xəstəlikləri kökündən həll etmək üçün “Duzun yodlaşdırılması haqqında” qanun qəbul olundu. Qanunun 8.3-cü maddəsinə görə ölkədə yodsuz duz istehsalı, satışı, idxalı, hətta heyvanlara yem məqsədilə verilməsi qadağan olundu”.
10 milyonluq zavod da duz problemini həll etmədi
E.Hüseyov deyib ki, o dövrdə duzlar zərərli maddələrdən təmizlənmədən istehlakçılara təklif edilirdi:
“Nə qədər ki, Masazır gölü və Bakı ətrafındakı digər 6 göl var idi, onlar qablaşdırılaraq bazara çıxarılırdı. 40-a qədər duz istehsalı müəssisəsi var idi. Nə qədər təbliğat aparılsa da, xaricdən yodlu duz gətirilsə də, Masazır gölünün varlığı bu problemin həllinə imkan vermirdi. Azad İstehlakçılar Birliyi bu məsələ ilə bağlı çox ciddi, radikal mövqe tutdu. Biz hökumət və biznes qurumları qarşısında Masazır gölünün ya su ilə, ya da torpaqla doldurulması, ya da istismar olunması məsələsini qaldırdıq. Çox yaxşıdır ki, hökumət Masazır gölünün istismar olunması məsələsini diqqətə aldı. Artıq 2013-cü ildə göl istismar olunduqdan sonra dəyəri 10 milyon dollar olan ən müasir zavod tikildi. Masazır gölünə axıdılan çirkab sularının qarşısı alındı, haradan gəldi, necə gəldi duz yığılması məsələsi həll olundu. Bu cəmiyyət üçün çox böyük sosial, ekoloji, tibbi, biznes proyekt oldu”.
Dövlət qurumları izləyici mövqeyindədir...
Hüquq müdafiəçisi təəssüflə qeyd edib ki, zavodun tikilməsi duz problemini kökündən həll edə bilməyib:
“Biz də düşündük ki, artıq problem həll olunub. Zavod tikilib istifadəyə veriləndən sonra 2012, 2014, 2015-ci illlərdə monitorinqlər apardıq və gördük ki, bazarda hələ də satışı qadağan olunan yodsuz duzlar var. Belə duzların böyük bir hissəsi Ukraynadan gətirilən “Artyom sol” duzlarının mal nişanı ilə buraxılır. Bu yodlaşdırılmış duzdur, amma eynən ona oxşar duz Abşeron rayonun ərazisində buraxılır. Biz dəfələrlə Daxili İşlər Nazirliyinə, o cümlədən Abşeron rayon polis şöbəsinə müraciət etsək də, nəticə olmadı. Bu işi həyata keçirən Sərvər adlı şəxsdir. Dövlət orqanları satışı qadağan edilmiş malın bazardan çıxarılmasına nədənsə maraq göstərmir. Bu barədə Səhiyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, İqtisadiyyat Nazirliyinə etdiyimiz müraciətlər cavabsız qalıb”.
“Abşeronda yola səpilmək üçün nəzərdə tutulan, çirkab suları axıdılan duzu əhaliyə satırlar”
E.Hüseynov deyib ki, yola səpilmək üçün nəzərdə tutulan duz qablaşdırılaraq əhaliyə satılır:
“Bu günki gündə yola səpilmək üçün nəzərdə tutulmuş duzlar, eyni zamanda dəniz duzları, çirkab sularının axıdıldığı ərazilərdən yığılaraq, qablaşdırılaraq əhaliyə satılır. Bu azmış kimi idxalı qadağan olunmuş 4 növə qədər duz Rusiyadan Azərbaycana gətirilir. Bunlardan “Morskoy sol” adı altında kiloqramı 10 manata qədər satılan duzlar da var.
Dünən mənə məlumat daxil olub ki, Tovuz və Şəmkir zonasında “Artyom sol”un saxta mal nişanı altında duz satılır. İstehsal mənbəyi yenə də Abşeron rayonudur. Abşeron rayonun rəsmiləri - istər icra hakimiyyəti, istərsə də güc strukturları, sanitariya orqanları dövlətin qanununun yerinə yetirilməsində biganədirlər. Hamısı “sahibkara toxunmaq olmaz” adı altında zəhərli məhsulların əhaliyə sırınmasına göz yumur, sanki bununla dəstək nümayiş etdirirlər. Bununla bağlı 10 gün əvvəl Tovuz rayon polis idarəsinə də müraciət etmişəm.
Çünki, bu duzlar yodsuz olmaqla yanaşı, həm də ağır metallardan təmizlənməmiş, sağlamlığa zərərli şəkildə əhaliyə satılır. Çox təəssüf ki, ölkə başçısının sahibkarlar üçün yaratdığı şəraitdən əksəriyyət sui-istifadə edir”.