Qarın nahiyəsində piylərin yığılması tibdə çox təhlükəli sayılır. Bu piyə "visseral piy" deyilir.
Az miqdarda visseral piyin olması normaldır.Bu piy daxili orqanlarımızı soyuqdan, travmalardan qoruyur, aclıq zamanı onlar üçün əlavə enerji mənbəyi funksiyasını daşıyır.
Lakin visseral piyin həddindən artıq miqdarda olması çox təhlükəlidir. Bir çox ölkələrdə aparılmış uzunmüddətli araşdırmalar göstərib ki, visseral piyin artıqlığı ürək-damar sistemi, qaraciyər xəstəliklərinin, şəkərli diabetin və onkoloji xəstəliklərin riskini xeyli artırır. Bunun səbəbini izah edək. Orqanlar və damarlar ətrafında toplaşan piy orqanların fəaliyyətini və onların qanla təchizatını pozur. Nəticədə orqanlarda müxtəlif xəstəliklər inkişaf edir. Visseral piy həmçinin mübadilə proseslərini pozur ki, bu da şəkərli diabetin riskini artırır.
Visseral piyin artıq olub-olmadığını başa düşmək üçün sadəcə insanın qarın nahiyəsinə baxmaq lazımdır - qarnın böyük olması, bel çevrəsinin omba çevrəsindən daha çox olması visseral piyin artıqlığından xəbər verir.
Maraqlıdır ki, hətta normal bədən çəkisi olan, lakin visseral piyi çox olan (böyük qarın) insanlarda təhlükəli xəstəliklərin inkişafı riski xeyli artmış olur. Çəkisi eyni olan, lakin visseral piyi daha çox olan insanlarda ürək-damar sistemi xəstəliklərinin, diabetin, xərçəngin inkişafı riski daha yüksək olur.
Saglamolun.Az