Soyuq havalar bu il daha tez qonaq gəldi. Göründüyü kimi soyuq fəsil özüylə bərabər bir sıra problemlər də gətirib. Paytaxtda və regionlarda istilik sistemləri ilə əlaqədar məişət qəzaları yaşanır və demək olar ki, hər gün bu barədə xəbər öyrənirik. Ötən illərin statistikalarına nəzər yetirərkən dəm qazından zəhərlənmələrlə bağlı azalmalar müşahidə olunub. Ötən ilin statistikasına görə, dəm qazından 249 nəfər zəhərlənib ki, onların da 15 nəfəri həyatını itirib. Azalıb, amma qane etmir. Bu il bizi nələr gözləyəcəyindən isə xəbərsizik.
“Gözəgörünməz” necə zəhərləyir?Məlumat üçün qeyd edək ki, kimyəvi adı karbon-monooksid (CO) olan dəm qazı təmiz halda gözə görünməyən, rəngsiz, iysiz, dadsız, havadan yüngül, suda pis həll olunan qazdır. O, natamam yanma məhsuludur, güclü zəhərləyici xassəyə malikdir. Üzvi maddələrin, o cümlədən təbii qazın, neft məhsullarının və odun yanacağının natamam yanması nəticəsində əmələ gəlir. Çünki yanma tam getməyəndə dəm qazı karbon qazına çevrilə bilmir. Normal yanma zamanı isə dəm qazı tam yanaraq karbon 4-oksidə çevrilərək tüstü boruları vasitəsi ilə xaric olunur. Bacada və tüstü borularında problem olduqda isə qaz insanı öldürə bilir. Qeyd edək ki, dəm qazı ilə zəhərlənmə çox rast gəlinən zəhərlənmələr siyahısında (alkoqol, dərman preparatları və narkotik maddələr) dördüncü yeri tutur.
Bu iki səbəbdən zəhərlənə bilərik
Dəm qazı ilə zəhərlənmənin səbəbləri müxtəlifdir. Suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olmaması, soba ilə qızdırıcı sistemlərdə texniki təhlükəsizlik qaydalarının pozulması, standarta uyğun olmayan və kustar yolla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməsi, sobanın qapağının vaxtında bağlanmaması, yanacağa yanma üçün lazımi miqdarda havanın daxil olmaması kimi hallar boğulmaya səbəb ola bilər.
Xatırlayırsınızsa bir vaxtlar ölkədə dəm qazından zəhərlənmə hallarının əsas səbəbi kimi İran istehsalı olan sobalar götürülürdü. 2009-cu ildən etibarən qiymət və kəmiyyət cəhətdən çox sərfəli olan bu malların satışı artmağa başladı. Məhz bəzi işbazların biznes acgözlüyü son altı ildə 200 nəfər yaxın insanın ölümünə səbəb olub. Göstərdiyimiz ilkin səbəb olan keyfiyyətsiz sobalar ekspertlər tərəfindən də dəm qazı zəhərlənməsinin əsas fundamenti hesab olunur. Lakin bu sobaların satışına məhdudiyyətlər qoyulması getdikcə bədbəxt hadisələri azaltmağa başladı. Ötən ildə dəm qazı qurbanlarının sayı minimum həddə çatmışdı. Buna baxmayaraq ölüm halları hələ də barmaqla sayılmayacaq qədərdir.
Mütəxəssislər tərəfindən irəli sürülən qatı qazın törətdiyi qorxunc fəsadların yaranmasının ikinci səbəbi daha maraqlıdır. Çünki çoxlarının bilmədiyi bir fakt odur ki, dəm qazı istehsal olunan müəssisələrdə onun tərkibinə xüsusi maye vurulmalıdır. Bu insanların dəm qazından ölməsinin qarşısını alar. "Odarant" adlanan həmin maddə qazın tərkibini təmizləyir. Emal zamanı qazın tərkibinə xüsusi qoxu yayan maddə də qatılmalıdır. Ekspert Vüqar Sultanov deyir ki, bu qaz sızma baş verdiyi təqdirdə əhalinin vaxtında xəbərdar olması üçün vacibdir: "Amma bizim istifadə etdiyimiz qazın tərkibinə bu iki maddənin heç biri vurulmur. Çünki bu əlavə xərc deməkdir".
Ekspert deyir ki, son illər zəhərlənmələrin sayının artmasına bir səbəb də insanların bacalarını təmizlətməməsidir: "Elə evlər var ki, sovet illərində təmizlənən baca indiyədək əl dəyməmiş qalıb. Bunun üçün nə vətəndaş müraciət edir, nə də mənzil kommunal idarələri nəzarət edir. Nəticələr də belə acınacaqlı olur".
Hamamlar üçün nəzərdə tutulmuş isidicilərin boğulmadakı payından danışan ekspert deyir ki, yerli istehsal sobalarının təhlükəsi daha böyükdür: "Kustar üsullarla kim necə gəldi soba istehsal edib bazara çıxarır. Buna satış icazəsini kim verir, standarta uyğunluğunu kim yoxlayır, hamısı sual altındadır".
Evinizi kip saxlamayın!
Çox maraqlıdır ki, dəm qazından boğulmanın ən vacib səbəblərindən biri olan plastik qapı-pəncərələr barədə demək olar ki, yazılmır. Halbuki qaz sızma zamanı yaranan dəm qazının mənzildən bayıra çıxmasının qarşısını alan başlıca maneələrdən biri də məhz plastik qapı-pəncərədir. Kiçik bir analiz etsək görərik ki, ölkəmizdə bu tip qapı-pəncərənin tətbiqindən sonra dəm qazından zəhərlənmələrin sayı əhəmiyyətli dərəcədə artıb. Bunu bizimlə söhbətində memar Aqşin Babayev də dedi.
Onun sözlərinə görə, səsdən, soyuqdan, istidən qorunmaq məqsədi ilə, bir az da estetik görünüşündən dolayı çox üstünlük verilən plastik pəncərələrin insanlar üçün təhlükəli olması danılmazdır: "Əvvəla, evdə oksigen dəyişməsinin qarşısını alır, hava dövr etmir. İkincisi, bu pəncərələrin hazırlandığı materiallar sağlamlıq üçün təhlükəlidir. Üçüncüsü, evdən bayıra, bayırdan mənzilə hava alış-verişinin qarşısını aldığı üçün dəm qazının çıxmasına mane olur. Dolayısı ilə ölümlərin bir səbəbi də məhz plastik qapı-pəncərədir".
Günahı mənim boynuma
Əhalinin soyuq havada istiliklə təmin etmək dövlət borcu olmaqla yanaşı həm də insanlıq borcu olmalıdır. Baş verən bədbəxt hadisələr isə qaçılmazdır. Burada toxunulmalı olan bir məqam da var ki, zəhərlənmə hadisələrinin əksərən baş vermə səbəbkarı kimdi? "Azəriqaz" dəm qazının aldığı canlara görə abonenti günahlandırır. Bu qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Araz Ağayev deyir ki, əhali mənzillərinə qaz cihazı alarkən onların uyğunluq sertifikatının olub-olmamasına xüsusi diqqət yetirməlidir. Vətəndaşların ucuz olsun deyə, kustar üsullarla hazırlanmış cihazlara üstünlük verdiyini deyən müsahibimiz bunun nəticəsinin məlum faciəyə səbəb olduğunu bildirir. İdarədən deyirlər ki, hər ay əhaliyə verilən qazın tərkibini Azərbaycan Layihə və Qaz Elmi-Tədqiqat İnstitutu dəqiqliklə yoxlayır. Yoxlamaların məqsədi məişət qazının istilikvermə qabiliyyəti, karbohidrogen tərkibi təhlil olunur.
Dəm qazı dəhşətindən qurtulmaq üçün isə "Azəriqaz" sadə bir üsula əl ataraq yaşayış binalarının girişinə elanlar asıb. Elanlarda qazla ehtiyatlı davranmaq tövsiyə edilir. Qurumdan verilən məlumata görə, abonentlərə verilən qazın tərkibi həm qaz emalı zavodunda, həm də "Azəriqaz" qəbul etdikdən sonra xüsusi laboratoriyalarda yoxlanılır. Qazın tərkibi barədə yayılan söz-söhbətin bir əsasının olmadığını deyən müsahibimiz tüstü bacalarının normal işləməməsinin də faciəyə yol açdığını deyir.
JEK-lər nə işə yarayır?
Sovet dövründə təhlükəsizlik qaydalarına uyğun olaraq, qışa hazırlıq tədbirləri zamanı binaların bacaları təmizlənərdi: “Təhlükəsizlik qaydalarına əsasən, hər il “JEK”lərin (Mənzil İstismar İdarələrinin) birbaşa nəzarəti altında qışa hazırlıq tədbirləri görülməlidir. Bakıda bır sıra yaşayış binalarda apardığımız araşdırmalarda məlum oldu ki, indi bu qaydalara əməl olunmur. Sakinlərin müxbirimizə dediyi kimi, son on ildə “JEK”dən kimsə gəlib şəxsi evlərin qışa hazırlıq səviyyəsini yoxlamayıb. Qışa hazırlıq tədbirlərini görməli olan idarələr bu işlərə çox məsuliyyətsiz yanaşır.
Mütəxəssislər hesab edir ki, qanunla bu işləri “JEK”lər və Mənzil-Kommunal Təsərrüfatı birlikləri görməlidir. Qışa hazırlıq tədbirləri çərçivəsində tüstü borularını və şaxtaları, evlərə gələn qaz xətlərini texniki yoxlanışdan keçirməli və onun qeydiyyatını aparmalıdır. Ekspert Rüstəm Bağırovun sözlərinə görə, bu xidmət sahəsi indi də fəaliyyət göstərir. Ancaq “JEK”lər yarasız quruma çevrilib, hər şeyə dırnaqarası baxırlar.
Bu məsələdə “Azəriqaz” Səhmdar Cəmiyyəti də məsuliyyət daşıyır. Rüstəm Bağırov deyir ki, bu qurum əhaliyə keyfiyyət standartlarına uyğun qaz verir. Ancaq məişət qazının mənzillərə necə gedib çıxması, təhlükəsizlik qaydalarına əməl olunub-olunmaması da gözlənməlidir və yalnız bundan sonra evlərə qaz verilə bilər.
Əlavə: Zəhərlənmə zamanı ölümün səbəbi isə tənəffüs mərkəzinin iflici nəticəsində ürəyin dayanmasıdır.
Rüfət Soltan
Adalet.az