Azərbaycan səhiyyəsinə xidmət edən bir çox tibb isçilərinin məsuliyyətsizliyindən çox yazılıb, çox deyilib.
Onların xəstələrə göstərdikləri üzdəniraq "xoş rəftar"dan isə danışmağa dəyməz.Qaziler.az-a ünvanlanan oxucu məktubunda səhiyyəmizdə olan başqa neqativ hala toxunulub. Onun övladının 5 yaşı olduğundan məktəbə hazırlıq üçün təhsil müəssisəsinə tibbi sənəd təqdim etməliymiş. Bununçün də uşağın qeydiyyatda olduğu 26 saylı şəhər xəstəxanasının nəzdində olan 26 saylı Şağan tibb məntəqəsinə müraciət edib. Sahə həkiminin ona cavabı maraqlı olub: "Uşağı gətir görüm hansı peyvəndləri qalıb".
Deməli, əgər uşağa sənəd lazım olmasaydı onun vərəmə qarşı vurulmalı olan peyvəndi də sahə həkiminin yadına düşməyəcəkdi. Halbuki, o, bununla bağlı valideyni özü məlumatlandırmalı idi.
Oxucu məntəqədə rastlaşdığı başqa bir məsələyə də diqqəti yönəldib. Məntəqədə olan həkim və tibb bacılarının heç birinin əynində ağ xalat olmayıb. (Onun məntəqəyə getdiyi bir neçə gün ərzində bu vəziyyət olduğu kimi qalıb, hətta onlara irad tutulsa da tibb personalı buna əhəmiyyət verməyib - red.) Baxmayaraq ki, onlar körpə uşaqlara peyvənd vururlar və bu zaman infeksiya təhlükəsi çox böyük olur. Ağ xalat geyinmək istəməyən tibb işçilərinin əlində tibbi əlcəyin olmaması da təəccüb doğurmur.
Şəhər mərkəzindən uzaq olan qəsəbədə olsa belə, özbaşınalıq hallarının qarşısını almaq əlaqədar təşkilatların birbaşa borcudur. Hələ söhbət bu ölkənin gələcəyi olan körpələrdən gedirsə məsuliyyətsizliyə göz yummaq ən azı ölkənin gələcəyinə etinasız yanaşmaqdır.