Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına yanvar ayından indiyədək 300000 artıq ümumi müraciət daxil olub. Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, onlardan 25000-dən çoxu xəstəxanalara yerləşdiriliblər. Uşaqlar üçün edilən çağırışların sayı 37000-dən, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 5000-dən artıq olub. Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində 1000 nəfərdən çox xəstə çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilib.
Bundan başqa, miokard infarktı ilə müraciətlərin sayı 480, insultla müraciətlərin sayı 1500, doğuşla bağlı müraciətlərin sayı 1600, avtoqəza zamanı xəsarət alanların sayı 900, xəstəxanadan kənar doğuşların sayı 30 olub.
Məlumatda deyilir ki, evdə qalan xəstələr haqqında ərazi üzrə müvafiq poliklinikalara məlumat verilib. Digər tibb müəssisələri ilə sıx əlaqəli işin təşkilinə, çağırış zamanı aşkar edilən zahı və hamilə qadınlar barəsində qadın məsləhətxanasına məlumat verilir.
Təcili tibbi yardıma ehtiyacı olan 150 nəfər yaşayış yeri məlum olmayan şəxsə ilkin tibbi yardım göstərilərək müvafiq xəstəxanalara yerləşdirilib. Yay mövsümü başlanandan ilan sancması ilə əlaqədar cəmi 14 müraciət olunub ki, bunlardan da 12 halda hospitalizasiya icra edilib.