Bir stəkan su sizi günvurmadan qoruyacaq

Bir stəkan su sizi günvurmadan qoruyacaq backend

Mütəxəssislər həyəcan təbili çalır.

Bu il Azərbaycanda güclü istilərin müşaiyət olunduğu yay mövsümü keçir. Ötən günün rəsmi məlumatına görə günvurmadan 56 nəfər xəstəxanalara müraciət edib. Bir nəfər isə dünyasını dəyişib. Belə Demək düzgündürsə əhali evindən bayıra çıxa bilmir. İstilərin mənfi tərəfləri çoxdur. Məsələn, İsti hava iş qabiliyyətini aşağı salır, yaddaş və diqqəti zəiflədir.

Adi havada insan tərlə bir litrə yaxın maye itirirsə, isti havada daha çox maye itirməyə başlayır. Bu səbəbdən də yayda çox su içmək lazımdır. Terapevt Gülnarə Əhmədovanın sözlərinə görə, maye qəbul edərkən insanın yaşı, dərisi və başqa fizioloji amilləri də nəzərə alınmalıdır. Məsələn, yaşlıların və uşaqların dərisi suyu daha çox buxarlandırdığı üçün digərlərinə nisbətən daha çox su içməlidirlər.

G.Əhmədova qeyd edib ki, susuzluq hissi özünü dərhal büruzə vermir. Orqanizm suya ehtiyac duyduqda birinci növbədə beyin siqnal verməyə başlayır. Nəticədə susuzluqdan əziyyət çəkən orqanizm bədənin normal hərarətini saxlamaq üçün daha çox güc tətbiq etməyə başlayır ki, bu da insanın özünü yorğun və əzgin hiss etməsinə gətirib çıxarır.

"Susuzluq insanın səbəbsiz yerə həyəcanlanmasına, əsəbləşməsinə də səbəb olur. Lakin bu zaman bir-iki stəkan adi su içmək kifayət edir ki, insan özünü yenidən enerjili və təravətli hiss etsin. İnsan çox az su içəndə, susuzluq hissini özündə boğanda, nə qədər qəribə olsa da, depressiyaya düşür. Bu, ona görə baş verir ki, orqanizm ehtiyacı olan mayeni qəbul etməyəndə amin turşularını istfadə etməyə başlayır ki, bunun da azlığı insanın kədərlənməsinə, sarsılmasına səbəb olur", - deyən həmsöhbətimizin sözlərinə görə, su az içən insan özünü ağır, əzgin hiss edir, başı ağrıyır, yuxusu narahat olur. İsti havada lazımi qədər maye qəbul etmədikdə yaddaş və diqqət zəifləyir. İnsan susuz qaldıqca beyin yeni informasiyaları çox çətin qəbul etməyə başlayır. İş qabiliyyəti aşağı düşür, tədricən insan passivləşərək, adətən bunun nə üçün baş verdiyini də anlamır.

Terapevt bildirib ki, isti havada çox maye qəbul etməklə yanaşı, onları düzgün seçmək də vacibdir: "Yaxşı olar ki, isti havalarda adi sudan istifadə edilsin. Belə ki, qazlı və şirin sulara nisbətən adi su susuzluq hissini yaxşı yatırır. İtburnu dəmləməsi də içmək olar. Belə ki, bu içki insana sərinlik gətirir və sağlamlıq üçün də xeyirlidir. Qazlı su isə susuzluq hissini daha artırır. Susuzluğu yatırmaq üçün limon əlavə olunmuş su, açıq dəmlənmiş çay, ayrandan istifadə etmək də məsləhətdir. Lakin maye qəbul edərkən ehtiyatlı olmaq və çox soyuq sular içməmək lazımdır. Belə ki, çox soyuq içkilər tər vəzilərini daha çox işə salaraq, orqanizmin susuzlaşdırılmasını sürətləndirir", - deyən həkim içilən mayeni soyuducuda saxlamamağı məsləhət görür. Dediyinə görə, isti hava ilə mübarizədə isti çay da yaxşı nəticə verir. İsti çay dərhal insanı tərlədərək sərinlik gətirir. "Spirtli içkilər, kofe və kakao isə orqanizmin daha çox maye itirməsinə səbəb olur. Bu səbəbdən də isti havalarda bu içkiləri içmək məsləhət deyil. Bu içkilər ürəyə də pis təsir etdiyi üçün xüsusilə isti havalarda zərərli içkilər hesab olunurlar".

Ümumiyyətlə, yayda 3 litr su içmək məsləhətdir. Lakin həddindən çox maye qəbulu da insana ziyandır. Maye qəbul edərkən səhər vaxtı daha çox su içmək, sonradan isə günün sonuna qədər az-az su içmək məsləhətdir. Qızmar havada günün çox hissəsini açıq havada keçirənlər maye qəbuluna fikir verməlidirlər. Onlar hər saat bir stəkan maye qəbul etməlidirlər. Bağlı yerlərdə gün düşmədiyi, həm də çox vaxt kondisioner və ya ventilyator qoşulduğu üçün mayeyə o qədər də ehtiyac qalmır.

Mütəxəssislərin qənaətinə görə, isti havaların təsirinə məruz qalmamaq üçün bəzi tədbirlərin görülməsinə ehtiyac var. Koordiologiya mütəxəssisi Tahir Hüseynov deyir ki, gün içində mümkün olduqca günəş altında olmaq yerinə ev, bina və ya ofis içində olmağınız daha məsləhətlidir. İş yerlərinin və ya ofislərin havalandırma sistemləri mutləq işləməlidir: "Kondisionerin temperatur dərəcəsini 24-26 dərəcə arasında tutun. Filtrlərini ve içini müntəzəm səkildə təmizlətdirin. Saat 11:00- 17:00 arasında mümkün olduqca çölə çıxmayın. Bədəni çox sıxmayan, sintetik olmayan, incə, yüngül və xüsusiilə də günəş şualarını keçirməyən açıq rəngli paltarlar geyinin. Gün boyu ən azı 2,5-3 litr su içilməlidir. Kofeinli və ya şirin içkilərin yerinə sadə su, qazlı və ya qazsız mineral sular daha çox istifadə edilməlidir. Yaş artdıqca insanların susuzluq hissiyyatı azaldığı üçün yaşlı xəstələr daha az su içirlər. Ancaq hər hansı ürək xəstəliyi səbəbilə çox su içməməyiniz lazımdırsa, bunu həkiminizlə məsləhətləşin". Onun sözlərinə görə, isti havada rahat yatmaq da onəmli məsələdir. Yay aylarında daha rahat yatmaq üçün axşam yeməyi ilə yatmaq arasında ən azı 2-3 saat ara olmalıdır. Gecə yatmazdan əvvəl kofeinli içkilər (kola, kofe, enerji içkiləri) mümkün olduqca içilməməlidir. Mümkündürsə, axşam yemək menyusunda qızardılmış, çox yağlı, çox acılı və çox ədviyyatlı yeməklər olmamalıdır. Yataq dəstlərinin, yastıq və döşək üzlərinin pambıqdan olması daha məsləhətlidir. Yastığın içinin hava axınına imkan verən təbii və ya xüsusi sintetik maddələrdən olmasına diqqət yetirilməlidir
İsti havalardan ən çox ürək-damar xəstələri və eləcə də hipertoniyalı, diabetli, astmalı xəstələr, hamilələr, kök insanlar, uşaqlar, böyrək catışmazlığı olan xəstələr və 65 yaşdan yuxarı insanlar qorunmalıdır. Statistikaya nəzər saldıqda məlum olur ki, 1995-ci ildə ABŞ-ın Çikaqo şəhərində iyul ayında 45 dərəcəyə yaxın istilik və havanın rütubətliliyinin yüksək olması qeydə alınıb. Araşdırmalar nəticəsində bir həftə ərzində 700-ə yaxın insan ölümünün məhz yüksək temperatura bağlı olduğu müəyyən edilib. Bu ölümlərin çoxu ürək xəstəliyi olan yaşlı insanlarda olmuşdu. Avropa ölkəsi olan Fransada 2003-cü ilin avqust ayında havanın çox isti və rütubətli olması 12000 insanın ölümünə səbəb olmuşdu. Çox isti havalar nəticəsində ölənlərin çoxu yaşlı ürək xəstələri idi. Asiya ölkəsi olan Hindistanda isə 2015-ci ilin may ayında havanın çox isti olması nəticəsində 2200 nəfər insan ölmüşdü. Nəzərə almaq lazımdır ki, havanın temperaturu artdıqca istiləşən bədəni sərinlətmək üçün bədənimiz dəriyə daha çox qan göndərməyə və dəridəki bütün damarları genişləndirməyə çalışır. Bu yolla və eləcə də tərləməklə bədənimiz istiliyi dəridən çölə verməyə çalışır. Bütün orqanlar kimi dəriyə də qanı ürəyimiz göndərdiyi üçün ürəyimiz daha çox iş görür. Nəticədə ürəyin yığılma gücü və yığılma sürəti, yəni ürəyin yükü və gərginliyi artır.

Rüfət Soltan
Diaspora