Ötən günlərdə jurnalist həmkarlarımla çay süfrəsi arxasında əyləşəndə maraqlı müzakirələri həyata keçirdik. Müzakirələr dünya siyasətindən başlasa da, son dayanacaq yerimiz ölkədə fəaliyyət göstərən şirkətlərin (adlarınızı özümüz qeyd etmirik) istehlakçıları aldatmaq üçün əl atdığı vasitələr oldu.
Müzakirələr zamanı məlum oldu ki, bir sıra şirkətlər var ki, istehsal olunmuş məhsulun üzərindəki son istifadə tarixinin yenilənməsi üçün işçi saxlayır. Bu işçinin işi-peşəsi satış mərkəzlərində zamanında satılmayan məhsulların üzərindəki tarixi yeniləməkdən ibarətdir. Bununla bağlı qəzetimizə də müəyyən müraciətlərin daxil olduğunu nəzərə alıb məsələni araşdırmağa qərar verdik. Marketlərdə apardığımız araşdırma zamanı məlum oldu ki, satışda vaxtı keçmiş məhsullar yoxdur. Yeni məhsulların son istifadə tarixində də analoji hal müşahidə olunur. Ancaq....Azad İstehlakçılar Birliyinin sərdi Eyyub Hüseynov Adalet.az-a açıqlamasında bildirib ki, malların buraxılma tarixi, saxlanma müddəti və saxlanma şəraiti ilə bağlı ölkədə çox ciddi problemlər var: "Hər bir məhsulun saxlanma müddəti konkret texniki şərtlərlə müəyyən olunur. İstehsalçılar daim iş aparırlar ki, malların ən sonuncusunu da istehlakçının boğazına tıxasınlar. Məsələn, ölkədə buraxılan şərab məhsullarının üzərinə müddətsiz yazılıb, bu çox əcaib bir şeydir. Əhali bilməlidir ki, şərabların saxlanma müddəti 6 aydan, araqlar 1 ildən, konyakar isə 3 ildən artıq deyil. Lakin hamısının üzərinə müddətsiz yazılır, əksər spirtli içkilərin üzərinə isə heç istehsal tarixi də yazılmayıb. Tütün və tütün məmulatları haqda qanun qəbul edildikdə biz təklif etdik ki, siqaret qutularının üzərində istehsal tarixi yazılsın. Lakin bu təklif qəbul edilmədi, halbuki müəyyən saxlanma şəraiti şərtləri gözlənilməklə siqaret 1 ildən artıq saxlanıla bilməz.
Satışda olan məhsulların bu qaydalara uyğun olub-olmadığını İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehakçıların Hüquqlarının Müdafiəsi Komitəsi yoxlayır. Bu komitə məhsulların üzərində qeyd olunan saxlanma müddətinin bitib-bitmədiyini yoxlayır. Lakin həmin məhsulların üzərinə istehsal və saxlanma tarixinin vurulmasına Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzarət edir. Bu tarixlər istehsal yerində vurulur, lakin "QosStandart” həmin tarixin düzgün olub-olmadığına qərar verir”.
Ən çox istifadə olunan üsullardan biri də ərzaq məhsulunun qabının dəyişdirilməsidir. Məsələn, düyü qabına mərci doldurub üstündəki kağızı qoparıb yenisini yapışdırmaqla satışa buraxıblar. Hazırda bazarda belə məhsullar var. Və yaxud da yay mösümündə daha çox şirin və ya adi sular alanda diqqət etmisinizsə, əsasən sex şəraitində hazırlanan ucuz və keyfiyyətsiz suaların qabları dünya brendinə çevrilmiş şirkətlərin buraxdığı qablaşdırmada olur. Bu, birbaşa istehsalın ən ucuz hala salınmış formasıdır. Onların təqlid-təmin üsuluna əl atması sizi zəhərləyə bilər.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı media mənsublarına verdiyi açaqlamada bildirib ki, bunlar yolverilməz faktlardır və istehlakçı hüquqlarının kobud şəkildə pozulmasıdır. Nəinki istehlakçı hüquqlarının, hətta ölkənin hüquq və qanunlarına hörmətsizlikdir. Bu faktların içində cinayət tərkibi var. Ötn ilin noyabrın ayın 1-də sahibkarlıq obyektlərində yoxlamaların dayandırılması barədə qanun qüvvəyə mindi. Biz artıq bu sahədə nəzarət tədbirlərini tam başqa formada həyata keçiririk. Biz sahibkarlıq subyektində yoxlama həyata keçirmirik, istehlak bazarında müvafiq məhsulların tərkibindən nümunə götürüb standartlara uyğunluğunu yoxlayırıq. Bu qeyd etdiyiniz hadisələr standarın tələbinin pozulması faktıdır. Məhsulun üzərində göstərilən son tarix standartda göstərilən tarixlə uzlaşmalıdır. Misal üçün saxlanma müddəti standarta görə 5 aydırsa, onun üzərinə 5 ay 2 gün də vurula bilməz. Beş ayın tamamında həmin məhsul bazardandərhal çıxarılmalıdır. Məhsulun qapağının dəyişdirilməsi, tarixinin saxtalaşdırılması bədbəxt hadisələrin baş verməsinə səbəb ola biləcək cinayət tərkibli hallardır”.
Göründüyü kimi "Tarixin saxtalaşdırılması” ərzaq təhlükəsizliyi üçün çoxşaxəli problemləri ortaya qoyur. İstər yeyinti məhsulları, istərsə də içki məhsulalarından alarkən son istifadə tarixinə diqqət yetirin. Əks halda bu təkcə cibinizə deyil, sağlamlığınıza da zərə verə bilər.
Rüfət Soltan