İsti havada orqanizmin normal fəaliyyətini təmin etmək və sağlamlığı qorumaq üçün insan kifayət qədər maye qəbul etməlidir.
İsti havada orqanizmdə susuzlaşma prosesi baş verir ki, qan qatılaşır, damarlarda trombların əmələ gəlməsi riski olduqca çox olur. Bu tromblar çox təhlükəlidir. Tromb damarlarda qan axını ilə hərəkət edə bilər. Beyinin və ya ürəyin hər hansı damarına düşdükdə tromb damarı bağlaya bilər. Bu isə infarkt və ya insultun inkişafı deməkdir. Son zamanlarda infarkt və insultun sayı ildən ilə artır. Bu ağır pozulmalar çox cavan insanlarda, hətta uşaqlarda inkişaf edir.İsti havada bu pozulmaların əsas profilaktik tədbirlərindən biri kifayət miqdarda mayenin qəbul edilməsidir. Həkimlər "maye" dedikdə təmiz su nəzərdə tuturlar. Təəssüf ki, müasir insanların əksəriyyəti su içməyi çoxdan yadırqayıb. Su şirin qazlı içkilər, müxtəlif "enerji" və s. kimi ziyanlı içkilərlə əvəz olunub. İlk növbədə qeyd etmək lazımdır ki, bu içkilər bizi susuzluğun inkişafından qorumur əksinə, orqanizmi daha da susuzlaşdırır. Beləliklə, insan maye içir, lakin susuzluq azalmır, əksinə artır.
Digər tərəfdən bu içkilərin müntəzəm qəbulu sümüklərin vəziyyətinə çox mənfi təsir edir, sümüklərdən kalsiumun yuyulmasına səbəb olur. Bu xüsusilə uşaqlar və yaşlılar üçün təhlükəlidir. Uşaqların skeleti formalaşır, sümüklər möhkəmlənir. Şirin qazlı içkilərin həddindən artıq miqdarda qəbulu bu prosesi pozur, uşağın sümüklərini daha kövrək edir.
Yaşlı insanlarda sümük toxumasının azalması prosesi gedir. Bu orqanzmin ümumi qocalması ilə əlaqəli olan fizioloji prosesdir. Şirin qazlı içkilərin qəbulu bu prosesi daha da sürətləndirir.
Beləliklə, sağlamlığı qorumaq istəyən insan adi təmiz suya üstünlük verməlidir.
Hörmətli valideynlər! Uşaqları kiçik yaşlardan "cola" və "pepsi" deyil, təmiz su içməyə öyrəşdirin. Adətən valideynlər uşağın qidalanmasına fikir verir, lakin mayenin qəbuluna ciddi yanaşmırlar. Bu çox böyük səhvdir. Sağlamlığın təməli məhz uşaq vaxtlarında qoyulur və uşaqda düzgün vərdişləri formalaşdırmaqla biz, valideynlər, onu sağlam və möhkəm böyüdə bilərik.
Saglamolun.Az