Fransızsayağı gözəllik heç belə ucuz olmamışdı

Fransızsayağı gözəllik heç belə ucuz olmamışdı backend

Dünya dietoloqları və kosmetoloqları bu qənaətə gəliblər ki, yulaf qədər dərini gözəlləşdirən ikinci dənli məhsul yoxdur. Aile.lent.az axsam.az-a istinadən bildirir ki, yulaf dərini hamar, saçları isə parlaq edir. Yulafda həyat üçün çox əhəmiyyətli olan komponentlər var. Bunlar kalium, maqnezium, fosfor, xrom, dəmir, yod, ftor, manqan, efir yağları, mineral maddələr, A, E, B qrup vitaminləridir. 100 qram yulaf yeyən şəxs üç günlük B1, bir günlük isə B2 vitamininə olan tələbatını ödəmiş olur.

Eyni zamanda, yulaf ağ və qaraciyərin fəaliyyətinə müsbət təsir göstərən, maddələr mübadiləsini normallaşdıran elementlərlə zəngindir. Yulaf təkcə qanı təmizləmir, eyni zamanda, yağların orqanizm tərəfindən mənimsənilməsini nəzarət altına alır. Yulaf dənəcikləri bağırsağı aylarla yığılıb qalmış "zibil"dən təmizləyir. Yəni yulaf orqanizmdən şlakların çıxması prosesinə təkan verir.

Yulaf dənəciklərindən hazırlanan sıyığı 5-7 dəqiqədən artıq bişirmək tövsiyə edilmir. Əgər yulaf dənəcikləri çox iridirsə, qəhvəüyüdəndə onu xırdalaya bilərsiniz. Bu halda da yulafın tərkibindəki xeyirli maddələr məhv olmur. Yulaf sıyığına sevdiyiniz mürəbbədən bir neçə qaşıq da əlavə edə bilərsiniz. Bundan başqa, sıyığı daha dadlı etmək üçün ona süzgəcin xırda gözündən keçirilmiş alma, kök, xırda doğranılmış banan, narıngi, limon, giləmeyvələr əlavə etməyinizmümkündür. Həmçinin xama və bal da sıyığı çox ləziz edər. Dietoloqlar müxtəlif meyvələri sıyığa eyni vaxtda əlavə etməyi məsləhət görmür. Ona görə də hər gün bir meyvədən istifadə etməyiniz tövsiyə olunur.

Onu da qeyd ki, yulaf çox ucuz məhsuldur, amma onun orqanizmə verdiyi fayda çox qiymətlidir.

Yulafdan məşhur fransız "gözəllik salatı" hazırlayırlar.


Salatın resepti belədir:

Axşam iki xörək qaşığı yulafın üzərinə eyni miqdarda su tökün. Səhər onun üzərinə 2-3 xörək qaşığı süd, bal, qoz və alma əlavə edərək yeyin.

Yulafdan hazırlanmış həlim isə maddələr mübadiləsinin yaxşılaşdırılması və şəkərli diabet xəstəlikləri zamanı qanda müşahidə edilən xolesterinin səviyyəsinin aşağı endirilməsi üçün çox effektlidir. Həlim həm də sidikqovucu təsirə malikdir. Bundan başqa, yulaf həlimi orqanizmin gücünü artırır, yorğunluq, yuxusuzluq kimi xəstəliklərdə köməyə gəlir.


Yulaf həliminin hazırlanma qaydasını təqdim edirik:

Bir stəkan yuyulmuş yulafın üzərinə 1 litr isti su tökün. 10 saat bankanın ağzını bağlı saxlayaraq, onun dəmlənməsini gözləyin. Yaxşı olar ki, bu proseduru axşam həyata keçirəsiniz. Səhər isə zəif odda yulafı yarım saat qaynadın. Bundan sonra daha 12 saat ərzində yulafı dəmləyin. Dəmi süzdükdən sonra artıq bankadakı maye bir qədər azalacaq. Ona görə də dəmin üzərinə bir qədər su əlavə edin. Suyu həlim 1 litrə çatana qədər əlavə edin. Həlimi gündə 3-4 stəkan olmaq şərtilə yeməkdən 30 dəqiqə əvvəl içmək lazımdır.

Həlimi soyuducuda iki gün saxlamaq olar. İstifadə etdikcə onun üzərinə bir qədər isti su tökün. Həlimə bal da əlavə etmək olar.

Yeri gəlmişkən, yulafdan hazırlanmış məcun günəş yanmaları zamanı yaxşı təsir göstərir. Yulafı qaynadın, süzün və alınmış qarışımı gündən yanan yerlərə sürtün. Yarım saatdan sonra soyuq su ilə yuyunun və həmin yerlərə nəmləndirici krem çəkin.

Məlum olduğu kimi, yulafdan kosmetologiyada geniş istifadə edirlər. Məsələn, həssas dərili xanımlar yulaf həlimi ilə üzlərini yuya bilərlər. Yulafdan əl üçün nəmləndirici maska hazırlamaq mümkündür. Bunun üçün qaynadılmış və süzülmüş yulafın üzərinə bitki yağı əlavə edin. 15 dəqiqədən sonra maskanı yumaq olar.
Diaspora