Həkim qəbuluna düşmək qaydaları dəyişdirilir

Həkim qəbuluna düşmək qaydaları dəyişdirilir backend

Bakıdakı bütün uşaq ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna yazılma elektron formada olacaq.

Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsəd-zadə Trend-ə deyib ki, artıq "Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna e-qeydiyyat" elektron xidməti artıq istifadəyə verilib: "Yeni elektron xidmət vasitəsilə 18 yaşına çatmamış uşaqların valideynləri uşağın qeydiyyatda olduğu uşaq poliklinikasına getmədən, "Elektron səhiyyə" internet portalından həkim qəbuluna yazılma və ya evə çağırış üçün müraciət edə bilərlər. Bunun üçün uşağın valideynləri esehiyye.az saytının "Elektron xidmətlər" bölməsinə daxil olub "Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna e-qeydiyyat" xidmətindən istifadə edə bilərlər".

C.Əsəd-zadə deyib ki, hazırda sınaq rejimində həyata keçirilən layihə Bakının yalnız Yasamal rayonunu əhatə edir: "Bu sistemdən istifadə üçün Yasamal rayonunda yerləşən 5, 10, 13 saylı Uşaq Poliklinikalarında və 39 saylı Şəhər Poliklinikasında qeydiyyatda olan şəxslər müraciət edə bilərlər. Bu layihəni əvvəlcə Yasamalda yaşayan valideynlər və uşaqlar üçün sınaq rejimində həyata keçiririk. Əgər layihənin icrasında heç bir problem olmasa, fəaliyyət normal həyata keçirilsə, elektron xidmətin iyunun 1-dən Bakının bütün uşaq poliklinikaları üzrə tətbiqi nəzərdə tutulur. Ancaq əgər sınaq zamanı hansısa çatışmazlıqlar olarsa, onlar aradan qaldırılacaq, sonra isə bu fəaliyyəti genişləndirəcəyik".

İdarə rəisi qeyd edib ki, ambulator uşaq poliklinikalarının informasiya texnologiyaları ilə təminatı bu xidmətin tətbiqinə imkan verir.

C.Əsəd-zadə deyib ki, layihənin ilkin olaraq, Bakıdakı bütün uşaq, daha sonra isə böyüklər üçün ambulator müəssisələrdə həyata keçirilməsi planlaşdırılır.
Diaspora