Bəzən yüksək təzyiqin əlaməti olmur. Ona görə də yalnız qan təzyiqini ölçərək dəqiq məlumat almaq mümkündür. Yüksək təzyiqi olan insanlar təzyiqi salmaq üçün bir çox vasitələrdən istifadə edirlər. Bunlardan biri də turş qidalardır. Təzyiqi salmaq üçün ən limon və sarımsaq yeməyin faydalı olduğunu düşünənlər az deyil.
Aile.lent.az-ın xəbərinə görə, türkiyəli professor Adnan Abacı sarımsaq və limonun təzyiqi salmadığını açıqlayıb: “Limon və sarımsağın qan təzyiqi üzərində ciddi bir təsiri yoxdur. Qan təzyiqi yüksəldiyi zaman xəstə gərginləşir. İlk növbədə, bu gərginliyi aradan qaldırmaq lazımdır. Sizi rahatlaşdıracaq hər hansı bir yanaşma qan təzyiqinizi aşağı salacaq. Məsələn, limon və ya sarımsaq yedikdə təzyiqinizin aşağı düşəcəyini fikirləşib rahatlayırsınız və bu zaman doğrudan da gərginlik aradan qalxır, təzyiq normaya düşür. Ancaq sarımsaq və limon dərmanlarla müqayisədə qan təzyiqinə əhəmiyyətli təsir etmir”.
Mütəxəssis vurğulayır ki, yüksək təzyiq başqa orqanları zədələmədən və digər sağlamlıq problemi yaratmadan müalicə edilməlidir: “Təzyiqi dəqiq müəyyənləşdirməyin yeganə yolu qan təzyiqini ölçməkdir. Bu səbəbdən də orta yaşdan sonra qan təzyiqi müəyyən aralıqlarla ölçülməlidir. Yuxarı təzyiqin 140, aşağı təzyiqin isə 90-dan çox olması yüksək təzyiq hesab olunur. Yüksək təzyiq bütün yaş qruplarında müşahidə edilə bilər. Lakin əsasən orta yaşdan yuxarı şəxslərdə müşahidə edilir. Xüsusilə, 70 və yuxarı yaşlı insanların 2/3-də yüksək təzyiq var”.
A.Abacı onu da əlavə edir ki, yüksək təzyiq dünyada ölüm səbəbləri arasında ilk sırada yer alır və bütün digər risk faktorlarından daha çox ölümə səbəb olur. Bu xəstəliyin diaqnozunun gecikdirilməsi nəticəsində ürək, damar, böyrək və gözlər zədələnir: “Yüksək təzyiq başqa orqanlara zərər verməyə başladıqdan sonra diaqnoz edilsə də, bu, gecikmiş bir diaqnoz olur. Bu xəstəlik meydana çıxdıqdan sonra artıq diaqnozun faydası yoxdur. İlk növbədə, böyrəklər, ürək, beyin kimi başqa orqanlar zədələnmədən müalicə edilməlidir. Yüksək təzyiqin yaranmamağı və qarşısını almaq üçün həddindən artıq duzlu qidalardan qaçmaq lazımdır”.
Genetikanızda təzyiqə uyğunluq varsa, duzdan çox az istifadə edin, qidalanmanız, çəkiyə nəzarət və məşqə diqqət etsəniz, təzyiq xəstəsi olmaq qorxusu yaranmaz: “Genetik quruluşunuzda təzyiq xəstəliyi olmasa belə, artıq çəki, duzdan çox istifadə, yüksək şəkər və zəif aktiv həyat tərzi sizdə yüksək təzyiq yarada bilər. Genetik faktorla ekoloji faktorlar bir araya gəldikdə isə yüksək təzyiq daha aşağı yaşlarda sizi yaxalaya bilər”.