İnkişaf edən texnologiya sayəsində az qala hamımız ağıllı telefon, planşet və ya ən azından kompüter istifadəçisi olmuşuq. Texnologiyanın həyatı asanlaşdırıcı rolu ilə yanaşı, bir sıra sağlamlıq problemlərini də özü ilə gətirdiyi sirr deyil. Çox sayda yazışma, mesajlaşma nəticəsində baş önə və aşağı doğru əyilir, nəticədə boyun, çiyin, kürək və baş ağrıları ortaya çıxır. Əslində bu vəziyyət “overuse sindromu”, yəni başın davamlı önə əyilən mövqedə uzun müddət qalması ilə bağlıdır. Aile.lent.az boyun ağrısının səbəbləri və qorunma üsulları haqda məsləhətlər təqdim edir.
Boynumuz normalda təxminən 5 kq ağırlığında başımızı daşıyır. Başı önə əymək və ya uzun müddət cib telefonu ilə oynamaq boyun bölgəsinə yüklənən ağırlığın 10-15 kq.-a qədər artmasına səbəb olur. Boyun bölgəsinin anormal mövqedə tutulması əzələlər üzərində stressi artıraraq, yorğunluq, əzələ spazmı və hətta stress tipli baş ağrısına səbəb olur. Finlandiyada kompüter istifadə edən 1500 işçi üzərində aparılan araşdırma sübut edib ki, qadınlarda daha çox olmaqla gənc və yeniyetmələrin 53%-i boyun bölgəsində ağrı və keyimə, 32 %-i isə omba və bel bölgəsində ağrı olduğunu bildiriblər. Bu problemlərin uzun müddət davam etməsi boyun bölgəsindəki əzələ, sümük və disklərdə bir çox problemə gətirib çıxarır.
Boyun ağrıları zamanı ağrı, tutulma və boyun hərəkətlərinin azalması ən mühüm şikayətlərdəndir. Əvvəlcə boyun kökündə, başın arxasında ağrı hiss edilir. Bununla yanaşı baş ağrısı da yaşana bilər. Ağrıkəsici ilə yola verilən ağrılar zamanla artır və boyun hərəkət etdirilə bilmir. Boyun damarlarında dartılma hissi, çiyində hiss edilən sərtlik, gərginlik səhərlər yorğun qalxmanıza səbəb olur.
Əgər gün ərzində hərəkətsiz və ya uzun müddət oturaraq işləyirsinizsə, düz oturmağı öyrənin. Bu, boyun ağrılarının qarşısını almaq üçün ən mühüm amildir. Çünki yanlış oturmaq bədənin arxaya, boynun önə doğru getməsinə səbəb olur. Bu zaman boyun və peysər bölgəsinə daha çox yük düşür. Əzələlər saatlarla bu cür yüklənəndə bir müddət sonra başınızı daşıya bilməyəcək halda olursuz. Belə halda boyun ağrıları da qaçılmazdır.
Uzun müddət boyun ağrıları çəkən, sıx boyun tutulması yaşayanlar gələcəkdə boyun yırtığından əziyyət çəkirlər. Onurğada uzun müddət geri dönüşü olmayan fəsadlar olur. Odur ki, bu problemə məsuliyyətlə yanaşın və həkimə müraciət edin.
Ağrılardan bir az olsun xilas olmaq və qorunmaq üçün bir neçə yol təklif edilir:
1. Düzgün oturuş qaydalarına riayət edin
2. İstifadə etdiyiniz cihaz mümkün qədər göz xəttinizə yaxın, başınızı önə doğru ən az əyəcək mövqedə olmasına diqqət yetirin
3. İş əsnasında ara verin və tez-tez mövqe dəyişdirin
4. Əzələləriniz üzərindəki gərginliyi azaltmaq üçün məşq edin
5. Mobil telefonunuzu qulaqlıq və ya bluetooth köməyilə istifadə edin.
6. Bilək dəstəkli mous və klaviaturadan istifadə edin.
7. Bədəninizin sərt hissələrinə istilik tətbiq edin.