Azərbaycanda əsas narahatlıq doğuran məsələlərdən biri uşaqlar, xüsusilə bölgələrdəki uşaqlar arasında qurda-ermitozlara yoluxma hallarının artmasıdır. Trend-in məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Səhiyyə Nazirliyi Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, SN-nin baş pediatrı Nəsib Quliyev deyib.
Baş pediatr qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən uşaqlar üçün lazım olan miqdarda qurdqovucu preparatların istifadə edilməsinə baxmayaraq, bu sahədə vəziyyət qənaətbəxş deyil: "Təəssüf ki, bu da ailələrdə gigiyenik qaydalara əməl edilməsində buraxılan səhvlərdən qaynaqlanır. Ona görə də bu sahəyə diqqətimizi daha da artırmalıyıq".N.Quliyevin sözlərinə görə, uşaqlar arasında ən çox narahatedici problem onların tənəffüs sistemi ilə bağlıdır: "Xarici mühitlə ən çox təmasda olan sistem tənəffüs sistemidir. Digər sistemlərin çoxu isə qapalıdır. Ona görə də xarici mühit faktorlarının tənəffüs üzvlərinə təsiri digər sistemlərə nisbətən daha qabarıqdır. Təəssüf ki, nəfəs aldığımız havanın tərkibində milyonlarla miqdarda və adda bakteriyalar, viruslar mövcuddur. Ona görə də dünyada olduğu kimi Azərbaycanda da tənəffüs sistemi xəstəlikləri ön sıralardadır".
N.Quliyev uşaqlar arasında narahat edici ikinci problemin qan yaradıcı orqanların xəstəlikləri ilə bağlı olduğunu deyib.
Onun sözlərinə görə, bu xəstəliklərin böyük əksəriyyəti anemiyalardır: "Anemiyaların da ən geniş yayılan forması defisitli anemiyalardır. Çox təəssüf olsun ki, bunun da əsas səbəbi uşaqlara göstərilən qulluq və qidalanmanın çatışmazlıqları ilə əlaqəli olur. Bu isə daha çox hallarda ailələrdən, uşaqların bəslənildiyi yerlərdən gəlir".
N.Quliyev deyib ki, uşaqlarda anemiyanın ilk əlamətləri əsasən 2,5-3 aylığından sonra müşahidə edilməyə başlanılır. Bunun yaranmasının qarşısının vaxtında alınması üçün uşaqlar düzgün qidalanmalıdır: "Uşaqlar ana südündən məhrum edilməməlidir. Süni qida ilə qidalanma uşaqlarda anemiyanın əmələ gəlmə riskini daha da artırır. Qərara gəlimişik ki, uşaqların ilk iki ilində ana südü ilə qidalanması hallarını artırmaq üçün maarifləndirmə işlərini artıraq".