Yazda təbiətin oyanışı bir çox insanın səhhətinə müsbət təsir göstərsə də, meteohəssas insanlar bu aylarda depressiyaya meylli olur. Bu hal “Bahar yorğunluğu” da adlanır. Psixoloq Könül Cəfərova deyir ki, yaz aylarında insanlar daha çox həyəcan hallarının artmasından, təşvişə düşməkdən, müxtəlif depressiyalardan əziyyət çəkirlər. İnsanların ünsiyyətə meylilik baxımından ekstravert və intravert şəxslərə bölündüyünü deyən psixoloq hesab edir ki, yaz depressiyasından daha çox özünə qapanan, yəni intravert adamlar əziyyət çəkir.
"İntravert insanlar qapalı insanlardır. Meteohəssas insanlardır. Bu insanlara depressiv nüanslar, fəsillərin dəyişməsi, elementar geyim, efirdə gedən ağır yüklü xəbərlər, zəlzələ və bu kimi fövqəladə hadisələr mənfi təsir göstərə bilir. Bu insanlar bacardıqları qədər bu xəbərlərdən qaçmalı, fəslin, saatın dəyişməsinin təsirindən kənar qalmalıdır".
Psixoloq qeyd edib ki, yaz depressiyası qısa müddətlidir. Bu vəziyyətdən çıxmaq insanın öz əlindədir. Bunun üçün bir çox nüanslara diqqət etmək lazımdır.
"Həmin dönəmdə qanın qaynaması insanda müəyyən oyanışların baş verməsi, müəyyən kefsizlik, oyanmaqda çətinlik çəkmə, həyatdan bezmə, ümidsizlik bu kimi depressiv hallarla müşayiət olunur. Bu halları aradan qaldırmaq da mümkündür. Bu keçid dövründə açıq havada bacardığımız qədər çox gəzmək, çoxlu su qəbul etmək, idmanla məşğul olmaq, pozitiv insanların çevrəsində olmaq lazımdır. Xoş olmayan xəbərlərdən, rahat olmadığınız insan çevrəsindən uzaqlaşmaq lazımdır. Bacardığınız qədər qarşı tərəfə gülümsəyin. İnsan həyatı bumeranqa bənzəyir, nəyi verirsə, həyatda onu da alır. Gərək bacardığınız qədər pozitiv verək ki, həyatımız o pozitivə qayıtsın. Çünki insan verdiyinin alıcısıdır".
Könül Cəfərovanın sözlərinə görə, əgər depressiya uzun sürərsə, bir çox fəsadlara gətirib çıxara bilər: Davamlı olursa, artıq bu həyəcan pozuntuna çıxardır. Bu isə ipoxendrik simptomların yaranması, "panik atak" kimi xəstəliklə üz-üzə qalmaq deməkdir. Nevrotik xəstəliklərə qədər gətirib çıxarır. Biz nevrotik əlamətlərin sadəcə qarşısını ala bilirik. Bunun üçün də əsəblərimizi qorumalıyıq".
Fəsil dəyişikliyi insan orqanizminə təsiri digər xəstəliklərdə də özünü büruzə verir. Həkim fitoterapevt Elnur Rəhimov deyir ki , yaz aylarında daha çox allergiyalar artmağa başlayır. Bundan başqa yazda oynaq, mədə-bağırsaq xəstəliklərinə daha çox rast gəlinir:
"Yaz dövründə orqanizmdə həm hormonal dəyişikliklər olur, həm qanın reoloji funksiyalarında dəyişiklik baş verə bilir. Bu dəyişikliklər zamanı xroniki xəstəlikləri olan insanlar daha çox aqressivləşir. Həmçinin qastrit və yaxud da öd yollarının iltihabı xəstəliklərində aqressivləşmə dövrü yaşanır. Allergiyaya gəldikdə isə yaz allergik fəsil olduğuna görə, allergenlərlə daha çox rastlaşmaq olur. Çünki indi çiçəklənmə, tozlanma dövrüdür. Tez - tez faringit özünü göstərə bilər. Bir də astmalı xəstələrdə xəstəliklər daha da aqressivləşə bilir.
Həkim yazda daha çox zəncəfil, darçın və zəfərandan dəmləmə şəklində istifadəni tövsiyə edib: "Bitkilərə gəldikdə yemişan və itburnu çiçəyindən və ya itburnu meyvəsindən istifadə etmək məsləhətdir. Bu vaxtlar biz daha çox ağ söyüdün yarpaqlarından, qızıl çətir bitkisindən istifadə edirik. Bu bitkilər həm mübadiləni yaxşılaşdıra bilir, həm qan dövranını yaxşılaşdırır".
Elnur Rəhimov yaz dönəmində oynaq xəstəliklərindən əziyyət çəkənlərə duzlu və turşulu qidalardan uzaq durmağı məsləhət görüb.