Hazırda dünyada 50 milyondan çox, Azərbaycanda isə 60 minə yaxın insan epilepsiyadan əziyyət çəkir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müxtəlif ölkələrdə hər 100 min nəfər əhali arasında 20-53 epilepsiyaya tutulma halına rast gəlinir. İnkişaf edən ölkələrdə bu göstərici 100-190 hadisə təşkil edir. Azərbaycanda isə bu göstərici 25-dən 83-dək təşkil edir.
Məlumatda bildirilir ki, son 15 ildə Azərbaycanda epilepsiya ilə bağlı problemlərin həlli üçün ciddi işlər görülüb. Epilepsiyanın epidemiologiyası, xəstəliyin nazoloji və semioloji strukturu, onların həyat keyfiyyəti öyrənilib. Müxtəlif tədqiqatlar aparılıb. Tədqiqatlarda epilepsiyalar zamanı mövcud olan qeydiyyat sisteminin, diaqnostikanın keyfiyyətinin, müalicənin və sosial yardımın qiymətləndirilməsi aparılıb.Həmçinin ölkədə epilepsiyadan əziyyət çəkən vətəndaşlara yüksək səviyyədə tibbi yardım göstərilir. Bunlardan xəstələrin tibbi yardım və birinci səviyyə antiepileptik dərmanlarla (fenobarbital, difenin, karbamazepin və valproy tutşusu) dövlət hesabına təmin olunmasını, əlilliyə görə müavinətin ayrılmasını, epilepsiya əleyhinə preparatlarla təchizat, diaqnozun təyinində və differensə olunmuş müalicədə həkim-epileptoloqların konsultasiyalarının təşkili, epilepsiyalı hamilə qadınlarda mümkün ola biləcək ağırlaşmaların vaxtında qarşısının alınması məqsədi ilə onların daim həkim-epileptoloqun və ginekoloqların ciddi nəzarətdə saxlanmasını misal çəkmək olar.
Bildirək ki, epilepsiyanın yaranma səbəbləri müxtəlifdir. Bir sıra hallarda, əsasən kiçik yaşlı uşaqlarda və yeniyetmələrdə onun əsasında genetik faktorlar durur. Lakin təxminən 50% hallarda epilepsiyanın səbəbi təyin olunmamış qalır. Epilepsiyanın simptomatik növlərində xəstəliyin əmələ gəlmə səbəbi beynin zədələnməsidir.
Epilepsiya çoxillik müalicə tələb edir. Epilepsiyanın müalicəsində əsas məqsəd tutmaların tamamilə kəsilməsidir. Müalicə məqsədilə “köhnə” və “yeni” epilepsiya əleyhinə preparatlardan (AEP) istifadə olunur. İlk aşkar olunmuş epilepsiyanın müalicəsi zamanı düzğün dərman seçimi və gündəlik AEP-ın qəbul olunması şərti ilə xəstələrin 75%-də müalicənin müsbət nəticələri müşahidə edilir.
Epilepsiya haqqında yalnış təsəvvürlər və xəstəliyə qarşı neqativ münasibətə görə xəstələr təhsil almaqda, işə düzəlməkdə, nigaha daxil olmaqda, həmçinin ailədə və yaxın ətrafdakılar tərəfindən diskriminasiya ilə üzləşirlər.
Xatırladaq ki, ilk dəfə epilepsiyalı xəstələr günü 26 mart 2008-ci ildə qeyd olunub.