Siqaret vərəm xəstəliyi də yaradır

Siqaret vərəm xəstəliyi də yaradır backend

Tütün çəkənlərdə vərəmin gizli formasının yaranma ehtimalı tütün çəkməyənlərə nisbətən 3 dəfə çoxdur. Xəstəliyə yoluxma riski isə tütün çəkmənin müddətindən və miqdarından da asılıdır.

Qaziler.az bildirir ki, bunu Trend-ə həkim Süleyman Quliyev deyib.

Onun sözlərinə görə, tütün çəkmə vərəmin gizli formasının aktiv formaya keçməsini tütün çəkməyənlərlə müqayisədə 2-3 dəfə, vərəmli xəstələr arasında ölüm riskini isə 6 dəfəyədək artırır. Hətta vərəm xəstəliyindən sağalan və tütün çəkən insanlarda vərəmin aktiv formasının təkrar yaranma riski 3 dəfə yüksəkdir.

Həkim bildirib ki, həm aktiv, həm də passiv tütün çəkmə nəinki vərəmin inkişafına şərait yaradır, həm də vərəmli xəstələrin müalicəsini çətinləşdirir, vərəmin təkrar əmələ gəlməsi riskini artırır, eləcə də vərəm xəstəliyinin gedişatını ağırlaşdırır.

Vərəmin xəstə insandan sağlam insana hava-damcı yolu ilə keçdiyini deyən həkimin sözlərinə görə, ətrafa yayılan ikinci tütün tüstüsünün təsirinə məruz qalma uşaqlar və böyüklər arasında vərəmə yoluxma riskini və aktiv vərəm formasının inkişaf riskini yüksəldir. Mənzildə siqaret çəkən vərəmli insanlar öz sağlamlıqlarını təhlükə altına qoymaqdan əlavə, ailələrini də vərəmə yoluxma riskinə məruz qoyurlar. Ona görə də mənzilin tütün tüstüsündən azad olması vacibdir.

Vərəmlə xəstələnmə riskini azaltmaq üçün tütün çəkmədən imtinanı zəruri sayan S.Quliyevin sözlərinə görə, tütün çəkmədən imtina etmək vərəmin aktiv formasının yaranmasından qorunmaq üçün ən yaxşı üsullardan biridir. Tütün çəkməni tərgitmək nəinki vərəm xəstəliyinin yaranma riskini azaldır, həm də vərəmin gizli formasının müalicəsinə kömək edir: “Tütün çəkmə insanın immun sistemini zəiflədir. Buna görə də tütün çəkənlərin orqanizmi vərəm infeksiyası ilə mübarizə apara bilmir. Tütün çəkmə ağciyərləri də zədələyir və tütün çəkənləri vərəm infeksiyasına qarşı daha həssas edir. Tütün çəkmə vərəm əleyhinə müalicənin effektivliyini azaldır, bununla da vərəmin uzun müddət davam etməsinə və daha ağır formalarının yaranmasına səbəb olur”.

Tütün çəkmənin dünyada qarşısı alına bilən əsas ölüm səbəblərindən biri olduğunu xatırladan həkim əlavə edib ki, dünyada 1 milyarddan çox insan tütün çəkir. Tütün istehlakı səbəbindən hər il 6 milyon insan dünyasını dəyişir. Əgər lazımi tədbirlər görülməsə, 2030-cu ilədək tütün epidemiyası hər il 8 milyon insanın həyatına son qoyacaq.
Diaspora