Yaz-yaz fəslinin gəlməsi və havanın hər keçən gün bir az daha istiləşməsiylə birlikdə qış paltarlarını bir kənara qoyub, daha yüngül və nazik geyimlər almağa başlayırıq. Elə məhz bu günlərdə hər kəs fərqli bir təlaşa başlayır. Kimisi artıq çəkidən xilas olmaq dərdindədir, kimisi isə bu vəziyyəti fürsət bilib heç bir elmə əsaslanmayan üsullarla insanların sağlamlığı ilə oynayırlar. Doğrudanmı 1 həftədə 5 kilo arıqlamaq olar? Aile.lent.az-ın məlumatına görə, türkiyəli dietoloq Turqay Kösə bu suala qəti olaraq “Xeyr!” cavabını verib. Niyəsini isə belə izah edir: "Hər gün KİV və müxtəlif sosial şəbəkələrdə möcüzə pəhrizlərlə qarşılaşırıq. Yaxşı, bu qədər çox pəhriz siyahısı varkən niyə insanların artıq çəki problemi hələ də var? Çünki bu pəhrizlər ilk vaxtlarda sürətli çəki itkisinə səbəb olsa da, qısa müddətdən sonra bu kilolar artıqlaması ilə geri qayıdır. Bu cür pəhrizlər sağlamlığa zərər verir, maddələr mübadiləsini pozur, eyni zamanda ömrü qısaldır. Onsuz da həyat tərzinə uyğun olmayan heç bir şey uğurlu olmur. Bu cür pəhrizlərdə əslində ağırlıq itkisi bədəndəki yağ kütləsinin azalmasına səbəb olur. Çəki itkisinin sürətlə baş verməsi əvvəlcə su, sonra əzələ kütləsinin azalması ilə əlaqədardır. Əzələ və su kütləsinin itkisi isə sağlamlıq baxımından risklidir”.
Pəhriz fərdi olmalıdır
Həkim bildirir ki, pəhriz mütləq fərdi xarakter daşımalıdır. Çünki hər kəsin maddələr mübadiləsi bir-birindən fərqlidir, eynilə barmaq izi kimi: “Multifaktorial bir xəstəlik olan köklüyün müalicəsinə fərdi yanaşmaq lazımdır. Terapiya mütəxəssisi və ya endokrinoloq, dietoloq, fizioterapevt və psixoloqlaə qrup halında müalicə daha uğurlu nəticə verə bilər. Müasir zamanda bir çox xroniki xəstəliyin təməl səbəbi olan artıq çəkinin müalicəsində dietoloq ən səlahiyyətli şəxsdir. Həkim xəstəni müayinə edir, diaqnoz qoyur, dietoloq adamın xüsusiyyətlərinə uyğun olaraq qidalanma modeli təyin edərək arzuedilən çəkiyə düşməsini təmin edir”.
Arıqlama proqramları insanın fərdi xüsusiyyətləri - yaş, cinsiyyət, boy uzunluğu, bədən çəkisi, fiziki fəaliyyət səviyyəsi, qidalanma vərdişləri və s. ilə bağlıdır. Xüsusiyyətlərinə görə fərdin yeni qidalanma proqramını onun həyat tərzi halına gətirməsini təmin etmək lazımdır: “Unutmaq olmaz ki, ayda 6 kilo və daha çox arıqlamaq metabolik olaraq başqa sağlamlıq problemlərinə zəmin yaradır. İlk növbədə səbrli olmaq şərtdir. İnsan illərlə yığdığı çəkini bir neçə həftədə verməyə çalışmamalıdır. Bunun uğrunda ac qarına qreypfrut və ya limon suyu içmək, balqabaq tumu yemək, müxtəlif yosun həbləri, arıqladan çaylara ümid etməyin heç bir elmi əsası yoxdur. Əksinə, faydadan çox zərərləri var. Enerji tərkibi aşağı olan pəhrizlər və həzm sisteminə edilən cərrahi müdaxilələr qida elementi çatışmazlıqları, zülal itkisi nəticəsində böyrək və ürək problemləri, ürək çatmazlığına, hətta ölümə gətirib çıxarır”.
Çəki itkisi 2-4 kilo arasında olmalıdır
Ümumdünya Sağlamlıq Təşkilatı aylıq ağırlıq itkisinin 2-4 kilo arasında olmasını vurğulayır. Bir insan çox kökdürsə, əməliyyat olunacaqsa, anesteziya riskini azaltmaq üçün həkim və dietoloq nəzarəti ilə ayda 6 kilo arıqlaya bilər: “Yoxsa kimsə 20 ildə aldığı çəkini 20 gündə verməyə cəhd etməməlidir. Səbrlə müalicəni üstün tutmaq lazımdır. Arıqlamaq elmə əsaslanmalıdır. Terapevt, endokrinoloq nəzarəti altında qan analizinin nəticələri müzakirə edilir və dietoloq tibbi qidalanma müalicəsini təyin edir. Məşq və davranış aktivliyi də vacibdir. 3 ay müddətində pəhriz, məşq və davranış dəyişikliyi tətbiq edilmədən dərman müalicəsi və ya cərrahi müdaxilə edilməməlidir. Artıq çəki xəstəliyinin müalicəsində tək başına pəhriz qəti olmaz. Unutmayın ki, təkcə pəhriz kifayət etmir, məşq, idman və aktivlik də vacibdir”.