Dünyada və ölkədə baş verən son iqtisadi “yeniliklər” məmləkətdə ailə büdcələrinə dəyən ziyanla yadda qaldı. Məlum olan və olmayan səbəblər ucbatından istehlak mallarının qiyməti qaldırıldı. Nəticədə xidmət və iaşə obyektlərinin alıcıları azaldı. Qiymət artımı bir tendensiya kimi, əsasən qida məhsulları fonunda təzahür etsə də, bu hal çoxşaxəli şəkildə inkişaf etdi və səhiyyə sahəsindən də kənar ötmədi. Belə ki, aparılan monitorinqlər nəticəsində aşkar olunmuş dərman qiymətlərinin bahalaşması faktı son proseslərə səmimi bir sübutdur.
Baki-Baku.az elektron qəzeti olaraq ölkədə fəaliyyət göstərən tibb müəssisələrinin qiymətləri ilə də maraqlandıq. Bu sahəni mütəmadi olaraq nəzarətdə saxladığımız üçün deyə bilərik ki, araşdırmamız nəticəsində əldə etdiyimiz faktlar ürəkaçan olmadı. Özəl klinikaların rəsmi saytlarında yerləşdirilmiş “xidmət haqqı” cədvəllərindəki qiymətlər bəzi klinikalar üçün dəyişməz olaraq qalır, bir çoxunda isə nəinki endirim, əksinə qiymət artımı da gözə çarpır. Bu klinika bolluğunda qiymətlərini sabit saxlayan klinikaların sayı isə, necə deyərlər, əl barmaqlarının sayından çox deyil. Ən çox müraciət olunan “Check-Up” (ümumi müayinə) xidmətinin qiymətlərini əsas götürərək apardığımız araşdırmanı təqdim edirik.
“City Hospital”da bu xidmət 101,5 AZN dəyərində təqdim olunmaqdadır. Əgər “Check-Up” xidmətinin bütün klinikalar tərəfindən təklif olunduğunu nəzərə alsaq, bu klinikanın rəqabəti təvazökarcasına uduzmaq istəyini birmənalı qarşılamaq olar.
“HB Güven Klinik” adlı tibb müəssisəsi özünün rəsmi saytında xidmətlərinin qiymətlərini yerləşdirməyi vacib bilməyib. “Check-Up” bölümü isə müştəriləri “Error 404” ilə “məlumatlandırır”.
Ötən ilin avqust ayında mediada yayımlanmış informasiyalarda bildirildiyi kimi, “lisenziyasız və ya lisenziyadan kənar fəaliyyətinə görə” 20 min manat məbləğində cərimələnən “Ömür” klinikası, yenə həmin “dalğada”, amma 30 min manat ziyana düşən “Bioloji Təbabət” klinikası da rəsmi saytlarında qiymət göstərmək əvəzinə tibbi biliklərini paylaşmağa, hansısa uğurlarını mədh etməyə üstünlük veriblər.
Son zamanlar endirim kampaniyaları ilə bağlı medianın reklam bucağında davamlı şəkildə parlayan “Avrasiya” klinikasında isə ən çox müraciət olunan - ailə qurmağa hazirlaşan cütlüklərə özəl “Check-Up” xidməti kişilər üçün 150, xanımlar üçün isə 90 manata təklif olunmaqdadır. Hələ ötən ilin oktyabr ayından ölkədə 2016-cı il üçün yaşayış minimumunun 136 manat məbləğində proqnozlaşdırıldığını göz önündə bulundursaq, bu klinikada müayinə olunacaq gənc ailənin əlavə borca girməsi qaçılmazdır.
“Azərbaycan-İsrail” Beynəlxalq Tibb Mərkəzində isə ümumi tam “Check-Up” xidməti 78, standart “Check-Up” xidməti isə 58 manata təklif olunmaqdadır. Yuxarıda sadalanan tibb müəssisələrindən fərqli olaraq burada əvvəki illərlə də müqayisədə qiymətlərə endirim edildiyi müşahidə olunur. Tibb Mərkəzinin saytında qeyd olunmuş məlumata görə, İsraildə peşəkar və fundamental təcrübə keçmiş həkim heyəti tərəfindən göstərilən xidmətlərin məhz ölkə əhalisinin büdcəsinə uyğun – ucuz qiymətlərlə təklif edilməsi təqdirəlayiq bir haldır. Maraqlanıb, bu klinikanı ilə bir az da geniş araşdırdıq. Məlum oldu ki, bu tibb müəssisəsi digər bir çoxlarından fərqli olaraq məmləkətin bu iqtisadi durğun dönəmində müxtəlif tibbi xidmətlərinə gözqamaşdırıcı endirimlər də edib.
“Uniklinika”. Bu tibb müəssisəsinə müraciət edən bir dostumuzdan aldığımız məlumat bizi bir xeyli düşündürdü. Jurnalist maaşının azlığı ilə dərdli həmkarımızın bir də ayağının nasazlaması bu klinika ilə tanışlığa vəsilə oldu. Həmkarımız qeyd edir ki, adıçəkilən müəssisə Maqnit rezonans tomoqrafiya xidmətini ona 160 manata “sırıyıb”. “Minimum əmək haqqı” söhbətini elə bu yerdə yenidən gündəmə gətirsək “Kərəmi də ağlamaq tutar, hələ üstəlik onun qohum-qardaşını da”.
Müqayisəli təhlil göz önündədir. Təəssüf ki, insan sağlamlığı üzərində qurulmuş şəxsi biznes maraqları bugünki səhiyyəmizin ümumi tərzi-halıdır. Səbəb nə olursa olsun, xidmət qiymətlərində artım edən və ya bəlkə də peşəkarlığına güvənsizliyindən qiymətlərini potensial müştərisindən gizlədən səhiyyə müəssisələrinin tibbi bilik və bacarıqlarını təsəvvür etmək heç də çətin deyil. Nəticə etibarilə, gəlin, sağlam olaq, yoxsa sağlam ölərik...