Azərbaycan və Türkiyə həkimləri orqan transplantasiyasına dair müzakirələr aparıblar

Azərbaycan və Türkiyə həkimləri orqan transplantasiyasına dair müzakirələr aparıblar backend

Fevralın 19-da Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Orqan transplantasiyası” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyənin İnönü Universiteti (Malatya) və ATU-nun birgə təşkilatçılığı ilə keçirilən konfransda transplantasiya sahəsində hər iki ölkənin mütəxəssisləri, gənc alimlər və rezidentlər iştirak edirlər.

Əvvəlcə konfrans iştirakçıları Ankarada baş vermis terror aktı nəticəsində həyatlarını itirmiş insanların xatirəsini bir dəqiqəlik sükütla andılar.

Konfransda çıxış edən ATU-nun rektor əvəzi, professor Sabir Əliyev ölkəmizdə orqan transplantasiyası aparan bir neçə klinikanın mövcud olduğunu və bu istiqamətdə uğurlu addımlar atıldığını qeyd edib. Həmçinin Azərbaycanda orqan transplantasiyası əməliyyatlarının sayının ilbəil artdığı diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycanda bir insanın orqanının başqa bir şəxsə köçürülməsinin tarixi akademik Mirməmməd Cavadzadənin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə 1971-ci il martın 4-də nəinki Azərbaycanda, hətta Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə xəstəyə böyrək köçürülüb.

Orqan transplantasiyası ilə bağlı hüquqi bazanın formalaşdırılması ulu öndər Heydər Əliyevin rəhbərliyi dövrünə təsadüf edir. Belə ki, 1999-cu ildə “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının qanunu qəbul olunub, 2000-ci ildə isə Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə, transplantasiyasına icazə verilən orqan və ya toxumaların siyahısı tutulub. Müstəqil Azərbaycanın tarixində isə bir insanın orqanının başqa bir şəxsə köçürülməsi əməliyyatı 2005-ci ildə akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasında iranlı həkimlərin rəhbərliyi ilə keçirilib. Azərbaycanda böyrək və qaraciyər köçürülməsi əməliyyatları ilə yanaşı, Respublika Talassemiya Mərkəzində sümük iliyi transplantasiyası da uğurla aparılır. Bununla yanaşı, ölkəmizdə ilk dəfə süni ürək köçürülməsi əməliyyatı da uğurla həyata keçirilib.

ATU-nun Türkiyənin bir çox universitetləri ilə sıx əlaqələrindən söhbət açan Sabir Əliyev onların sırasında İnönü Universitetinin də olduğunu bildirib. Qaraciyər transplantasiyası sahəsində Avropada birinci, dünyada ikinci olan və ildə 300-dən çox orqan köçürülməsi əməliyyatı həyata keçirən İnönü Universiteti ilə ATU arasında əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb. Diqqətə çatdırılıb ki, Azərbaycandan hər il onlarla həkim Türkiyənin bu nüfuzlu universitetində təcrübə keçərək bilik və bacarıqlarını artırırlar. Artıq ATU-nun Tədris Cərrahiyyə Klinikasının orqan transplantasiyası şöbəsində xəstələrə böyrək köçürülür. Gələcəkdə bu şöbədə türkiyəli mütəxəssislərin köməyi ilə qaraciyər köçürülməsi əməliyyatlarının aparılması da nəzərdə tutulur.

İnönü Universitetinin professoru Sezai Yılmaz isə deyib ki, belə konfransların keçirilməsi çox vacibdir. Xüsusilə gənclərimiz üçün önəmlidir. Türkiyəli professor Azərbaycanda orqan transplantasiyası sahəsində əldə olunan uğurlardan məmnunluğunu bildirib.

Daha sonra tədbir məruzulərlə davam edib. Türkiyəli alimlər “Qaraciyər transplantasiyasına ümumi baxış”, “Dünyada və Türkiyədə hepatosellülar karsinomaya görə qaraciər transplantasiyası”, “Bağırsaq transplantasiyası”, “Pediatrik qaraciyər köçürülməsi”, “Transplantasiyada reanimasiya”, “Qaraciyər transplantasiyasının texnikası” mövzularında çıxış ediblər.

Azərbaycanlı alimlər isə öz çıxışlarında ölkəmizdə bu sahədəki vəziyyətlə bağlı məlumat verərək mövcud problemlərdən söhbət açıblar. Azərbaycanlı mütəxəssislər, həmçinin kök hüceyrə transplantasiyasında ilk təcrübə, transplantasiya olunan xəstələrdə virus hepatitləri barədə məruzə ediblər. Ümumilikdə mütəxəssislər dünyada, həmçinin Türkiyədə və Azərbaycanda orqan köçürülməsinin müasir problemləri barədə fikir mübadiləsi aparıblar.
Diaspora