Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.
Qaziler.az bildirir ki, Şuradan verilən xəbərə görə, daha 600 dərman vasitəsinin qiyməti təsdiqlənib.Məlumatda bildirilib ki, indiyədək Şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla 5651 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi təsdiq edilib ki, bunlardan 3711 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır. Qiymətləri təsdiqlənmiş digər 1940 dərman vasitəsinin yeni qiymətləri bu ilin 25 fevral tarixindən qüvvəyə minəcək.
İndiyədək qiymətləri tənzimlənmiş dərman vasitələrinin manatın məzənnəsində baş verən dəyişikliklərdən əvvəl satışda olan qiymətləri ilə müqayisədə belə 20%-nin qiyməti 2 dəfədən çox, 8%-nin qiyməti 3 dəfədən çox aşağı salınıb, ümumilikdə 60%-nin qiymətləri endirilib.
Tarif (qiymət) Şurasının müvafiq qərarlarına əsasən, hər qrup təsiredici maddə üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən etibarən həmin qrupa aid olan, lakin qiymətləri hələlik təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilə bilər.
Şuranın iclasında həmçinin, yeni təsiredici maddələr üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulu elan olunub və fevralın 22-i sənədlərin qəbulu üçün son tarix olaraq müəyyən edilib.
Qərarlar və dərman vasitələrinin siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Şuranın qərarları” və “Dərman vasitələri” bölmələrində yerləşdirilib.