“Bakı şəhərindəki bütün məktəb və bağçalarda “donuz qripi” təhlükəsinə qarşı dezinfeksiya işləri başa çatdırılıb”. Lent.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, hər ay məktəb və uşaq bağçalarında iki dəfə dezinfeksiya işlərinin aparılması nəzərdə tutulub. Dezinfeksiya işləri şənbə və bazar günləri həyata keçiriləcək: “Hələ dekabr ayında Azərbaycanla həmsərhəd olan İran İslam Respublikasında “donuz qripi” aşkarlandı. Bununla bağlı elə dekabr ayında səhiyyə naziri tərəfindən əmr imzalanıb. Dərman preparatları, laborator müayinələrin aparılması, lazımi avadanlıqlarla təminatla bağlı tapşırıqlar verilib”.
A. Əliyeva deyib ki, bu ilin yanvar ayında 300-dən çox şəxs “donuz qripi”nə görə müayinə olunub. Nəticələr mənfi olub. Ötən il isə 1400 nəfər üzərində müayinə aparılıb. Onlar da arasında “donuz qripi” aşkarlanmayıb. Sərhəd-keçid məntəqələrində “donuz qripi”nin qeydə alındığı ölkələrdən gələn şəxslər müayinədən keçirilir.
Direktor müavini qeyd edib ki, xəstəliklər haqda gündəlik məlumatlar toplanır: “2009-cu ildən başlayaraq Bakı şəhərinin ən böyük xəstəxanalarında kəşfiyyat xarakterli epidemioloji nəzarət tədbirləri təşkil olunur. Epidemioloji vəziyyət tam sabitdir. Eyni zamanda, xəstəliyi ağır keçirən xəstələrdən yaxmaların götürülməsi üçün ləvazimatlar göndərilib”.
A. Əliyeva onu da qeyd edib ki, Azərbaycanda Zika virusuna yoluxma ehtimalı yoxdur.