Ukraynada son günlər ərzində qrip və kəskin respirator virus infeksiyasından ölənlərin sayı 122 nəfərə çatıb. APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, bu barədə ölkənin Dövlət Sanitar-Epidemiologiya Xidmətinin rəis əvəzi Svyatoslav Protas açıqlama verib. Onun sözlərinə görə, Ukraynanın 18 vilayətində epidemioloji vəziyyət kritik həddə çatıb.
Kiyev xəstəxanalarına da qrip diaqnozu ilə müraciət edənlərin sayı artmaqda davam edir. Xəstələr yüksək hərarət və öskürək diaqnozları ilə xəstəxanaya daxil olduqlarını deyiblər. Onlardan bəziləri evdə huşsuz vəziyyətdə olduqlarından ailə üzvləri təcili yardıma müraciət ediblər.Bu arada Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən ölkə ərazisində İsveçrədən yayılan daha bir virus, H3N2 adı verilmiş xəstəlik də tüğyan edir. Sözügedən xəstəliyin "donuz qripi"ndən daha təhlükəli olduğu bildirilir.
Həkim Tatyana Yeqorova vəziyyətin ciddi olduğunu bildirib: "Bu virus xəstəliyin daha ağır keçməsi ilə müşayiət olunur və eynilə pnevmoniya virusuna bənzər ağırlaşmalara gətirib çıxarır. Təəssüf ki, bu xəstəlik yalnız bizim ölkəmizdə deyil, Avropa və Amerikada da yayılıb. Virusun milliyyəti olmur".
Səhiyyə Nazirliyindən bildirilib ki, təkcə son həftə ərzində ölkədə 360 min nəfər qripə yoluxub. Epidemik mövsümün başlandığı gündən etibarən isə bu xəstələrin sayı 790 min nəfər təşkil edib.
Sonuncu dəfə ölkədə buna bənzər epidemioloji vəziyyət 2009-2010-cu illərdə yaranıb. Həmin dövrdə beş ay ərzində 6 milyon 355 min nəfər virusa yoluxub ki, onların da 1127 nəfəri vəfat edib.
Rusiyada da qrip epidemiyasının miqyası böyüyür. Virus ölkənin 47 regionunda artıq epidemioloji baryeri keçib. Bu bölgələrin çoxunda karantin səbəbilə məktəblərdə növbədənkənar tətil elan olunub. İndiyədək Rusiyada qrip virusundan ölənlərin sayı isə 50 nəfər təşkil edib.