Britaniya və Bill Geyts malyariya ilə mübarizəyə 4 milyard dollar ayıracaq

Britaniya və Bill Geyts malyariya ilə mübarizəyə 4 milyard dollar ayıracaq backend

Böyük Britaniya hökuməti malyariyaya qarşı mübarizədə Bill və Melinda Geyts Fondu (Bill and Melinda Gates Foundation) ilə səylərini birləşdirir. İKT.lent.az “The Guardian” nəşrinə istinadən bildirir ki, bu ölümcül xəstəlik təkcə ötən il ərzində 438 min insanın həyatına son qoyub. Hər dəqiqə planetdə bu xəstəlikdən bir uşaq ölür.

Malyariyanın aradan qaldırılması “Microsoft” korporasiyasının qurucusu olan Bill Geytsin xanımı Melinda ilə birgə qurduğu xeyriyyə təşkilatı üçün prioritet məsələdir. Ötən ilin noyabr ayında təşkilat Böyük Britaniya hökuməti ilə birgə nizamnamə kapitalı 1 milyard funt-sterlinq olan Ross Fondu (Ross Fund) yaradıb. Bu fond vaksinlər, pestisidlər, həmçinin malyariya və başqa yoluxucu xəstəliklərlə mübarizə üçün görülən digər tədbirlərin inkişafına dəstək olacaq.

Qeyd edək ki, 1902-ci ildə Nobel mükafatı almış britaniyalı alim Ronald Ross sübut edib ki, malyariyanın ötürücüləri ağcaqanadlardır.

Bu həftə Britaniyanın xəzinədarlıq üzrə kansleri Corc Osborn (George Osborne) və “Microsof” korporasiyasının qurucusu Bill Geyts malyariya ilə mübarizəyə 5 il ərzində 3 milyard funt-sterlinq və ya 4,3 milyard dollar vəsaitin ayrılması ilə bağlı niyyətlərini elan ediblər.

Böyük Britaniya hökuməti bu sahəyə hər il 500 milyon funt-sterlinq vəsait ayıracaq. Bill və Melinda Geyts Fondunun bu sahəyə yatırımları isə illik 200 milyon dollar təşkil edəcək.
Diaspora