Müntəzəm olaraq süd içmək beynin koqnitiv funksiyalarının qorunmasına və yaxşılaşmasına kömək edə bilər.
Qaziler.az xəbər verir ki, bunu "NEWS.ru"ya açıqlamasında bioloq İrina Lyalina bildirib. Onun sözlərinə görə, məhsulun tərkibindəki zülallar, amin turşuları, B qrupu vitaminləri, kalsium və maqnezium sinir sisteminin normal fəaliyyəti üçün zəruri olan proseslərdə iştirak edir.
"Süd özlüyündə ağlın ani itilənməsi üçün sehrli vasitə deyil, lakin balanslaşdırılmış qida maddələri sayəsində onun müntəzəm qəbulu beynin normal fəaliyyətini qorumaq üçün faydalıdır. Onlar dolayı yolla koqnitiv funksiyaların yaxşılaşmasına kömək edə bilər. Südün tərkibindəki zülallar və amin turşuları neyronlar arasında siqnalların ötürülməsində iştirak edən neyrotransmitterlər üçün tikinti materialıdır. Bu, yaddaş üçün vacibdir. B qrupu vitaminləri sinir sisteminin fəaliyyəti üçün lazımdır; onlar beyində enerji istehsalını dəstəkləyir. Kalsium və maqnezium sinir impulslarının ötürülməsi və sinir hüceyrələrinin sağlamlığı üçün gərəklidir, üzlü (tam yağlı) süddə olan yağ turşuları isə beyindəki hüceyrə membranlarının strukturunu qoruyur", - deyə Lyalina qeyd edib.
O əlavə edib ki, təbii süd uşaqlar, yeniyetmələr və yaddaş dəstəyinə ehtiyacı olan böyüklər üçün faydalıdır. Lakin ekspertin sözlərinə görə, zehni itiliyin nəzərəçarpacaq dərəcədə yaxşılaşması üçün kompleks yanaşma - düzgün qidalanma, yuxu, fiziki aktivlik və zehni yüklənmə (kitab oxumaq, yeni biliklər öyrənmək, tapmacalar həll etmək kimi beyni məşq etdirən fəaliyyətlər) tələb olunur.
QAZİLER.AZ