Tibbi tövsiyələr almaq üçün süni intellektdən (Sİ) istifadə zamanı ən çox rast gəlinən təhlükə dərmanların doza həddinin aşılması olub. Fransada 2024-cü ildən bəri Sİ məsləhətləri ilə bağlı əlavə təsirlərin səkkiz halı qeydə alınıb ki, onlardan biri xəstəxanaya yerləşdirmə tələb edib.
Qaziler.az xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti Fransa Dərman Vasitələrinin Təhlükəsizliyi Agentliyinə (ANSM) istinadən məlumat yayıb.
Qurumun məlumatına görə, qeydə alınan insidentlər arasında Sİ ilə məsləhətləşmələrdən sonra iki parasetamol dozasının aşılması halı olub. Səhvlər həmçinin antibiotiklər və allergiya əleyhinə preparatlara da aid olub.
“Xüsusilə, bir hamilə qadın çat-botun tövsiyəsinə əməl etdikdən sonra miqren dərmanını həkimin təyin etdiyindən altı dəfə artıq dozada qəbul edib. Digər hallarda isə səhvlər tibbi sənədlərdə preparatların adlarının səhv tərcümə edilməsi səbəbindən yaranıb ki, bu da yanlış dərmanların verilməsinə gətirib çıxarıb”, – deyə hesabatda bildirilib.
Qeydə alınan hadisələrdə zərərçəkənlərin yarısı 18 yaşdan kiçik olub.
Agentliyin baş direktorunun müavini Aleksandr de La Volpilyer qeyd edib ki, Sİ yayıldıqca bu cür insidentlərin sayı arta bilər. Odur ki, mütəxəssislər süni intellektin tibb işçisinin məsləhətini əvəz edə bilməyəcəyini vurğulayıblar.
QAZİLER.AZ