Hər gün istehlak etdiyimiz meyvə və tərəvəzlərin bəziləri tərkibindəki təbii toksinlərə görə müəyyən risklər yarada bilər, lakin bu zərərli təsir yalnız həddindən artıq və real olmayan miqdarda qəbul edildikdə özünü göstərir.
Qaziler.az bildirir ki, "Bon Appetit" jurnalı həmin qidaların siyahısını tərtib edərək onların nə üçün diqqət tələb etdiyini izah edib.
Albalı, şaftalı, gavalı, ərik – tərkibində sianid birləşmələri var
Albalını çəyirdəyi ilə birlikdə udmusunuzsa, təşvişə düşməyə dəyməz. Çəyirdəklər bütöv şəkildə udulduqda nadir hallarda zəhərli olur, lakin sındırılmış çəyirdəklərin ləpəsini yemək tövsiyə edilmir. Onların acı olmasından əlavə, albalı, şaftalı, ərik və gavalı çəyirdəklərinin ləpəsində sianid turşusu ifraz edən maddələr var. Bu toksinin yüksək dozası orqanizm üçün təhlükəli ola bilər. Lakin təhlükəli təsirin yaranması üçün çox yüksək miqdarda çəyirdək ləpəsinin çeynənilərək udulması lazımdır.
Düyü – tərkibində arsen var
Evdəki düyünü atmazdan əvvəl məlumatı diqqətlə oxuyun. Məlum olub ki, müəyyən bölgələrdə yetişdirilən düyünün tərkibində çox miqdarda qəbul edildikdə həzm problemlərinə və ya başgicəllənməsinə səbəb ola bilən arsen maddəsi ola bilər. Lakin gündəlik normal istifadə zamanı zəhərlənmə ehtimalı demək olar ki, yoxdur. Ciddi mənfi təsir üçün insanın normal şəraitdə istehlak edə bilməyəcəyi dərəcədə böyük həcmdə düyü qəbul etməsi tələb olunardı.
Kartof – tərkibində solanin var
Solanin bitkiləri qoruyan təbii bir maddədir və yüksək dozada insan üçün zəhərlidir. O, əsasən cücərməyə başlayan və ya yaşıl rəng almış kartofun qabığında toplanır, qusmaya və bəzən ürək-damar fəsadlarına səbəb ola bilər. Yaxşı xəbər odur ki, onunla asanlıqla zəhərlənmək mümkün deyil. Belə simptomların yaşanması üçün insanın böyük miqdarda cücərmiş və keyfiyyətsiz kartof yeməsi lazımdır ki, bu da təsadüfən baş vermir.
Alma – tərkibində sianid birləşmələri var
Alma və armud tumlarında orqanizmə düşdükdə sianidə çevrilə bilən birləşmələr mövcuddur. Xoşbəxtlikdən, almanı özəyi ilə birlikdə yeyənlər belə narahat olmaya bilərlər. Zərərli birləşmələrin təsir göstərməsi üçün tumları yaxşıca çeynəmək lazımdır. Bundan əlavə, orqanizmə ciddi ziyan vurmaq üçün çox böyük miqdarda tum istehlak edilməlidir.
QAZİLER.AZ