Boğaz ağrısı və angina zamanı hansı çaylar daha təsirlidir? — Dəmləmə qaydaları və faydaları

Boğaz ağrısı və angina zamanı hansı çaylar daha təsirlidir? — Dəmləmə qaydaları və faydaları backend

Boğaz ağrısı xoşagəlməz simptomdur və angina müalicə olunmazsa, iltihab ciddi fəsadlara yol açar.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu xəstəlik zamanı ilk növbədə səs zərər görür. Həkimin təyin etdiyi dərman preparatları ilə yanaşı, vəziyyəti yüngülləşdirmək üçün bitki çaylarından da istifadə edilir.

Çay boğazı sağaltmağa kömək edirmi?

Bitkilər virus əleyhinə, antibakterial və iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Onlar yumşaq təsir göstərir, iltihabı azaldır və əks-göstərişləri minimumdur. Bitki çayları boğazı yumşaldır, öskürəyi sakitləşdirir, immunitetə müsbət təsir edir, qıcıqlanma və şişkinliyi aradan qaldırır. Lakin iltihab güclüdürsə, təkcə çaya arxalanmaq olmaz, xüsusi dərman preparatlarından da istifadə etmək tövsiyə olunur.

Hansı çayı içmək lazımdır?

Anginanın müalicəsi üçün dərman bitkiləri və ballı qarışıqlardan istifadə olunur. İçki ilıq olmalıdır, çünki qaynar maye onsuz da zədələnmiş selikli qişanı daha da qıcıqlandırır. Bitkiləri adi çayla (daha yaxşısı yaşıl çayla) qarışdırmaq olar, lakin onları ayrıca dəmləmək daha effektivdir.

Boğaz ağrısı zamanı çayın faydaları:

  • İmmuniteti gücləndirir;
  • Toksinlərin bədəndən çıxarılmasına kömək edir;
  • Mikroblarla mübarizə aparır;
  • Qıcıqlanmış selikli qişanı yumşaldır;
  • Tərkibində mikroelementlər və vitaminlər var;
  • Nəfəsalmanı yüngülləşdirən aromatik yağlarla zəngindir;
  • Boğaz ağrısı ilə yanaşı, öskürəyi də azaldır.

Fitoçay dəmləyərkən bitkilərə fərdi həssaslığı, xroniki xəstəliklərin və hamiləliyin olub-olmamasını nəzərə almaq lazımdır. Bəzi otlar təzyiqi qaldıra və ya sala, böyrəklərin fəaliyyətini gücləndirə, həmçinin allergik reaksiyalara səbəb ola bilər.

Zəncəfil çayı

Zəncəfil kökü virus və mikrob əleyhinə təsirə malikdir, immuniteti artırır və maddələr mübadiləsini yaxşılaşdırır. Zəncəfil içkisini termosda dəmləmək və ya odda qaynatmaq daha rahatdır. Kök xırda doğranır və ya sürtgəcdən keçirilir (acı dadına görə az miqdarda götürülməlidir). Üzərinə qaynar su tökülür və termosda dəmlənir. Dadını və təsirini yaxşılaşdırmaq üçün limon, laym və ya bal əlavə etmək olar.

Sarıköklü çay

Sarıkök (kurkuma) mikrob əleyhinə xüsusiyyətlərə malikdir. Toz halında suda pis həll olduğu üçün təzə kökündən istifadə etmək daha yaxşıdır.

Hazırlanma qaydası:

  • 5 q xırda doğranmış təzə sarıkök;
  • 1 çubuq və ya 1 çay qaşığı darçın;
  • 1 stəkan su;
  • Bir dilim limon və ya 1 qaşıq təzə sıxılmış limon şirəsi;
  • Bal.

Suyu odun üzərinə qoyun, sarıkökü və darçını əlavə edib qaynara düşənə qədər 5 dəqiqə saxlayın. Odun üstündən götürüb 3–5 dəqiqə dəmlənməsini gözləyin, süzün və bal ilə limon əlavə edin.

Ballı çay

Soyuqdəymə zamanı klassik variantdır. Bal qara, yaşıl və ya bitki çayına əlavə edilir. Boğazı yumşaldır və zərərli bakteriyalarla mübarizə aparır. Tərləməni gücləndirdiyi üçün onu gecə yatmazdan əvvəl içmək lazımdır. Bir fincan üçün bir çay qaşığı kifayətdir. Tərkibində fitonsidlər, amin turşuları, bioloji aktiv maddələr, vitamin və minerallar var. Allergiya verə biləcəyi üçün azyaşlı uşaqlara ehtiyatla verilməlidir.

Çobanyastığı çayı

Qaynar su ilə dəmlənir. Sakitləşdirici təsirə malikdir, mikrob və bakteriyalarla mübarizə aparır. Digər otlarla qarışdırıla və ya tək istifadə oluna bilər. Çobanyastığı içkisi tonuslandırır, immuniteti gücləndirir, toxumaları bərpa edir və boğazı yumşaldır. Estrogen hasilatını stimullaşdırdığı üçün hamilə qadınlara tövsiyə edilmir.

Moruq çayı

Moruq əsasən C vitamini ilə zəngindir, immuniteti artırır və soyuqdəymə ilə mübarizə aparır. Güclü tərləmə yaradaraq yüksək hərarət zamanı toksinlərin çıxarılmasına və bədən hərarətinin düşməsinə kömək edir. Onu axşam içib dərhal yatağa uzanmaq daha yaxşıdır. İstənilən çaya təzə və ya dondurulmuş moruq əlavə etmək, giləmeyvələri və ya quru yarpaqlarını (1 stəkan qaynar suya 1 çay qaşığı) ayrıca dəmləmək, həmçinin limon, bal və nanə ilə qarışdırmaq olar.

Darçınlı çay

Darçın güclü antiseptik xüsusiyyətə malikdir (toz və ya çubuq halında istifadə olunur). Ağrını sakitləşdirir, iltihabı azaldır və maddələr mübadiləsini yaxşılaşdırır.

Aptek çayları

Apteklərdə kompleks təsir göstərən xüsusi bitki yığıntıları satılır. Onların tərkibinə çobanyastığı, exinaseya, kəklikotu, cökə, sürvə (adaçayı), gülümbahar və digər bitkilər daxil ola bilər. Bu çaylar angina, boğaz iltihabı, soyuqdəymə zamanı və profilaktika məqsədilə tətbiq olunur, ağrıkəsici və tərlədici təsir göstərir. İstifadə edərkən fərdi dözümlülüyü mütləq nəzərə almaq lazımdır.

QAZİLER.AZ