980 dərman arasından seçildi: İnsult əleyhinə preparat oynaq ağrılarına da çarə ola bilər

980 dərman arasından seçildi: İnsult əleyhinə preparat oynaq ağrılarına da çarə ola bilər backend

Qan durulaşdırıcı dərman olan dabiqatran osteoartroz zamanı qığırdaq toxumasının dağılmasını ləngidə və oynaqlardakı iltihabı azalda bilər.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Yel Universitetinin alimləri belə bir qənaətə gəliblər. Onların tədqiqatının nəticələri "Science Translational Medicine" (STM) jurnalında dərc olunub.

Tədqiqatçılar osteoartrozla əlaqəli iltihab proseslərini boğa bilən maddələr tapmaq üçün artıq təsdiqlənmiş 980 dərmanı yoxlayıblar. Adətən trombların yaranmasının və insultların qarşısını almaq üçün istifadə olunan dabiqatran ən perspektivli preparat kimi qiymətləndirilib. Onun təsiri süni şəkildə osteoartroz yaradılmış siçanlar və makakalar üzərində sınaqdan keçirilib.

Məlum olub ki, siçanlarda bu preparat qığırdaq zədələnməsini, iltihabı və ağrı əlamətlərini azaldıb, həmçinin hərəkətliliyi yaxşılaşdırıb. Makakalarda isə dabiqatran qığırdaq toxumasını qorumağa və yerimə qabiliyyətini yaxşılaşdırmağa kömək edib. Əlavə təcrübələr göstərib ki, preparat iltihabda iştirak edən hüceyrə reseptorlarının fəaliyyətini tənzimləyən BIG2 zülalına təsir göstərir.

Mütəxəssislər hesab edirlər ki, bu kəşf osteoartrozun müalicəsinə yeni yanaşmanın hazırlanması üçün əsas ola bilər. Lakin hazırda dabiqatranın effektivliyi yalnız heyvanlar üzərində aparılan təcrübələrdə təsdiqlənib.

QAZİLER.AZ