Sağlamlıq üçün günün ən təhlükəli vaxtı açıqlandı

Sağlamlıq üçün günün ən təhlükəli vaxtı açıqlandı backend

Səhər saat 06:00-dan 09:00-dək olan müddətdə ürək-damar xəstəliklərinin başvermə riski xüsusilə yüksək ola bilər: bu saatlarda insult ehtimalı 72%, infarkt ehtimalı isə 40% artır.

Qaziler.az xəbər verir ki, bu barədə Harvard Tibb Məktəbinin həkimi Trişa Paşriça "The Washington Post" nəşrinə müsahibəsində bildirib. O, bu xüsusiyyəti yuxudan oyandıqdan sonra ürək-damar sisteminin fəaliyyətində baş verən dəyişikliklərlə əlaqələndirib.

Ekspertin sözlərinə görə, səhər saatlarında orqanizmdə hormonal fon dəyişir: yuxu və oyaqlıq tsikllərini tənzimləyən melatonin hormonunun ifrazı azalır, kortizolun səviyyəsi isə yüksəlir. Eyni zamanda, arterial təzyiq artmağa başlayır. Bundan əlavə, qanın laxtalanmasında iştirak edən qan hüceyrələri — trombositlər bir-birinə yapışmağa daha meyilli olur. Həmin vaxt trombların əriməsinə mane olan zülalın konsentrasiyası da artır.

"Bu proseslərin məcmusu trombların yaranması üçün şərait yarada və ürək-damar sisteminə düşən yükü artıra bilər. Arterial hipertoniyadan əziyyət çəkən insanlar səhər saatlarındakı təzyiq göstəricilərinə xüsusilə diqqətlə yanaşmalıdırlar", — deyə mütəxəssis xəbərdarlıq edib.

Paşriça yüksək təzyiqi olan pasiyentlərə həkim tərəfindən təyin edilmiş dərmanları müntəzəm qəbul etməyi və qəbul vaxtlarını ötürməməyi tövsiyə edir. Bununla yanaşı, onun sözlərinə görə, dərman qəbulunu özbaşına axşam saatlarına keçirməyə ehtiyac yoxdur: təyin olunmuş müalicə sxeminə riayət etmək daha vacibdir.

"Riskin səhər saatlarında artması infarkt və ya insultun mütləq bu vaxt baş verəcəyi demək deyil. Lakin ürək-damar xəstəlikləri olan şəxslər səhərlər — dərman qəbulundan əvvəl təzyiqlərini müntəzəm ölçməlidirlər. Bu cür ölçmələr göstəricilərdəki dəyişiklikləri izləməyə və müalicənin effektivliyini qiymətləndirməyə kömək edir", — deyə həkim fikrini yekunlaşdırıb.

QAZİLER.AZ