Çiy əti bişirməzdən əvvəl yumaq xəstəlik törədən bakteriyaların mətbəx səthlərinə yayılmasına səbəb ola bilər.
Qaziler.az xəbər verir ki, bunu "NEWS.ru" saytına açıqlamasında həkim-qastroenteroloq Lyudmila Suxorukova bildiri. Onun sözlərinə görə, bu növ qidaları digər ərzaqlardan ayrı saxlamaq lazımdır.
"Çiy ət xəstəlik törədən bakteriyaların mənbəyidir. Mal ətinin tərkibində bağırsaq çöpü (e.coli), quş ətində isə salmonella və kampilobakteriyalar olur. Həmçinin ətin tərkibində stafilokok və listeriyalar da gizlənə bilər. Bişirməzdən əvvəl əti yumaq olmaz. Bu, mətbəx səthinin mikroblarla çirklənməsinə şərait yaradır. Təcrübə göstərir ki, yuyulmuş ətdən hazırlanan xörəklərdə daha çox bakteriya olur. Ona görə də bu şübhəli gigiyenik prosedurdan çəkinmək daha yaxşıdır. Ət üçün ayrıca taxta və bıçaq istifadə edilməsi tövsiyə olunur. Çiy məhsulu digər qidalarla təmasda olmaması üçün onlardan ayrı saxlamaq lazımdır. Ət soyuducunun ən alt rəfində yerləşdikdə digər ərzaqların çirklənmə riski daha az olur", — deyə Suxorukova qeyd edib.
Həkimin sözlərinə görə, ətlə təhlükəsiz işləmək üçün gigiyena qaydalarına mütləq riayət olunmalıdır. O vurğulayıb ki, yemək hazırlamazdan əvvəl və sonra əlləri ən azı 20 saniyə sabunla yumaq, həmçinin ayrıca doğrama taxtalarından və bıçaqlardan istifadə etmək olduqca vacibdir.
QAZİLER.AZ

