Kişilərin üz dərisində nəzərəçarpan yaş dəyişiklikləri qadınlarla müqayisədə daha gec ortaya çıxır. Buna səbəb dərinin (dermanın) daha qalın olması, təraş və piy vəzilərinin spesifik xüsusiyyətləridir.
Qaziler.az xəbər verir ki, bu barədə "Gazeta.Ru"ya dermatoveneroloq Aygül Samatova bildirib. Onun sözlərinə görə, yaşlılıq dövründə vəziyyət kəskin şəkildə dəyişir. Kişilər SPF (günəşdən qoruyucu) vasitələrdən daha az istifadə edir və daha çox tütün çəkirlər deyə, 65 yaşlarında onlarda dərin qırışların sayı qadınlardan daha çox olur.
“Kişi üzünün daha gec qocalanmasının birinci və əsas səbəbi dərinin qalınlığıdır. Kişi derması qadın dermanından 20–25% daha qalındır. Orada kollagen lifləri daha çoxdur və onlar betondakı armatur kimi daha sıx yerləşiblər. Bu, dərini qravitasiya ptozuna — toxumaların sallanmasına qarşı daha dözümlü edir. Qadınlar menopoz dövründə estrogenin azalması səbəbindən kollageni sürətlə itirirlər. Kişilərdə isə testosteron tədricən azalır və dərinin sıxlığı daha uzun müddət qorunub saxlanılır”, — deyə Samatova izah edib.
İkinci səbəb piy vəzilərinin işidir. Belə ki, androgenlər dərinin təbii nəmləndiricisi və qoruyucu təbəqəsi olan piy ifrazını gücləndirir, buna görə də kişi dərisi daha az quruyur və balansını daha uzun müddət saxlayır.
Həkim üçüncü amil kimi kişilərin üzlərini təraş etməsini göstərib. Ülgücün yaratdığı gündəlik mikro-zədələr dərini daim yenilənməyə məcbur edir və mikrosirkulyasiyanı yaxşılaşdırır. Bu isə özünəməxsus mexaniki pilinq rolunu oynayır.
QAZİLER.AZ

