Əvvəllər belə hesab edilirdi ki, insan yaşlandıqca daha çox yatır.
Qaziler.az bildirir ki, fogs.com saytının yazdığına görə, artıq məlumdur ki, yetkinlik yaşına çatdıqdan sonra yuxunun müddəti yaşdan praktiki olaraq asılı olmur.
Bununla belə, yuxunun strukturu zamanla dəyişir. Yaşlı insanlar tez-tez daha həssas yatırlar. Yaş artdıqca yuxunun keyfiyyəti adətən pisləşir – o, səthi və daha az effektiv olur, insanı kifayət qədər gümrahlaşdırmır. Ömür boyu delta-yuxunun (orqanizmdə böyümə və bərpa proseslərinin getdiyi ən dərin yuxu fazası) müddəti tədricən azalır. 50 yaşa çatmış kişilərdə və 60 yaşa çatmış qadınlarda delta-yuxunun müddəti kəskin şəkildə qısalır, hətta bəzən tamamilə yoxa çıxır. Bu səbəbdən həmin yaşda olan insanlar cavanların yuxusuna mane olmayan kənar küy və digər xarici amillərdən daha asan ayılırlar.
Sağlam insanda 20 yaşdan 75 yaşa qədər yuxunun müddəti praktiki olaraq dəyişməz qalsa da, yaş artdıqca yuxunun keyfiyyəti ilə bağlı şikayətlər daha tez-tez ortaya çıxır. Yuxu kəsilən olur, gecənin bir hissəsi oyaq keçir. Nəticədə siz daha çox yatdığınızı zənn edərək çarpayıda daha uzun müddət qala bilərsiniz, lakin əslində yuxunuz tez-tez qısamüddətli oyaqlıq intervalları ilə kəsilir. Bəzi yaşlı insanlar gecə ərzində yüzlərlə dəfə oyana bilərlər və hər dəfə bu oyaqlıq 15 saniyədən çox çəkmir. Bu cür qısamüddətli oyanmalar, əslində yatmış olsanız belə, gecəni tamamilə yuxusuz keçirdiyiniz təəssüratını yaradır. Bunu anlamaq yuxunuzla bağlı daha az narahat olmağınıza kömək edəcək. Bundan əlavə, yaşlı insanların günüzlər mürgü vurması daha tez-tez müşahidə olunur ki, bu da gecə oyaq qalmaları daha da tətikləyir.
Unutmayın ki, əgər özünüzü yaxşı hiss edirsinizsə və gün ərzində əmək qabiliyyətinizin və gümrahlığınızın düşdüyünü hiss etmirsinizsə, deməli yuxunuzun miqdarı və keyfiyyəti norma daxilindədir.
QAZİLER.AZ

