Qızarmış və şişmiş badamcıqlar, udqunma zamanı kəskin ağrı və yüksək qızdırma angina (badamcıq iltihabı) xəstəliyinin əsas əlamətləridir.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu xoşagəlməz simptomlarla mübarizədə və sağalma prosesini sürətləndirməkdə bitki çayları effektiv köməkçi vasitə hesab olunur.
Hidratasiya sağalmanın əsasıdır
Mütəxəssislər bildirirlər ki, orqanizm infeksiya ilə mübarizə apararkən bol maye qəbulu, xüsusən də ilıq içkilər mühüm rol oynayır. Boğazı nəmli saxlamaq iltihabı azaldır və virusların bədəndən xaric olunmasını sürətləndirir.
Ballı yaşıl çay
Güclü antioksidant və detoks effektinə malik olan yaşıl çay infeksiyaya səbəb olan bakteriyalarla mübarizə aparır. Ona əlavə edilən bal isə boğazdakı qıcıqlanmanı yatırır, selikli qişanı yumşaldır və sağalma prosesinə təkan verir.
Ballı isti süd
Təbii qlükoza, saxaroza və C vitamini ilə zəngin olan bu içki immun sistemini qısa zamanda gücləndirir. Burada əsas şərt südün qaynar deyil, məhz ilıq olmasıdır. Çünki qaynar maye boğazı daha da qıcıqlandırır, bal isə yüksək temperaturda öz müalicəvi xüsusiyyətlərini itirir.
Adaçayı, əməköməci və gəndalaş qarışımı
İltihabəleyhinə təsiri ilə seçilən bu üç bitkinin (adaçayı, əməköməci və gəndalaş) hərəsindən bir çay qaşığı götürülərək qarışdırılır və üzərinə bir stəkan qaynar su əlavə edilir. Təxminən 40 dəqiqə dəm aldıqdan sonra süzülür. Təbii dəmləməni hər yeməkdən əvvəl yarım stəkan içmək tövsiyə olunur.
Səhiyyə mütəxəssisləri xatırladırlar ki, təbii vasitələr simptomları yüngülləşdirsə də, yüksək qızdırma davam etdikdə mütləq həkimə müraciət olunmalıdır.

