Yetkinləşməmiş sitrus meyvələrinin qabığından əldə edilən ekstraktın alkoqolun təsirindən yaranan qaraciyər hüceyrələrinin zədələnməsini azaltmağa qadir olduğu məlum olub.
Qaziler.az bildirir ki, çinli tədqiqatçıların xüsusi fermentativ emaldan sonra bitki birləşmələrinin qoruyucu xüsusiyyətlərini aşkar etdikləri bu elmi işin nəticələri "Food & Function" (F&F) jurnalında dərc olunub.
Alimlər ənənəvi Çin təbabətində "sinpi" kimi tanınan yetkinləşməmiş sitrus qabıqlarını araşdırıblar. Eksperiment üçün bir, üç, yeddi və on il saxlanılan nümunələrdən istifadə edilib. Bioloji aktiv maddələrin sərbəst buraxılmasını təmin etmək üçün qabıqlar pektinaza fermenti ilə emal olunub, daha sonra isə əldə edilən ekstraktlar etanolun (alkoqolun) təsirinə məruz qalmış insanın "HepG2" qaraciyər hüceyrələri üzərində sınaqdan keçirilib.
Ən güclü qoruyucu effekti onillik saxlanma müddətinə malik qabıq ekstraktı göstərib. O, oksidləşdirici stresi və hüceyrə membranlarının zədələnməsini azaldıb, həmçinin alkoqolun parçalanmasında iştirak edən fermentlərin aktivliyini qismən bərpa edib. Tədqiqatçılar ekstraktın tərkibindən qaraciyər hüceyrələrini təkbaşına qoruya bilən üç əsas birləşməni — tangeritin, timol və nobiletini də ayırmağa nail olublar.
QAZİLER.AZ

