12 Oktyabr - Dünya Artritlə Mübarizə Günüdür. Bu günün qeyd edilməsinin məqsədi oynaqların iltihabı, ağrı, şişkinlik və hərəkət məhdudluğu ilə xarakterizə olunan xəstəliklərə diqqət çəkmək, onların erkən aşkarlanmasının və vaxtında müalicəsinin əhəmiyyətini vurğulamaqdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a bildirilib ki, hazırda ölkəmizdə artrit xəstəliyi ilə əlaqədar əlilliyi olan şəxslərin sayı 2 101 nəfərdir. Onlardan 114 nəfəri gənclik (yuvenil) artriti, 926 nəfəri seropozitiv revmatoid artrit, 1 061 nəfəri isə digər revmatoid artritlər diaqnozu ilə qeydiyyatdadır.
Oynaq xəstəliklərinin vaxtında diaqnostikası və effektiv müalicəsi istiqamətində icbari tibbi sığorta çərçivəsində geniş spektrli ambulator və stasionar tibbi xidmətlər təmin edilir.
Sığortaolunanlar həkim müraciəti və tibbi göstəriş əsasında zəruri laborator analizlərdən, oynaqların rentgenoqrafiyası və sümük-oynaq sisteminin ultrasəs müayinəsindən yararlana bilərlər.
Ehtiyac yarandıqda, ixtisaslaşmış revmatoloq və ortoped-travmatoloq müayinələri ilə yanaşı, KT və MRT kimi dəqiq instrumental diaqnostik xidmətlər də göstərilir.
Ambulator və terapevtik müalicə mərhələsində tibbi göstərişə əsasən oynağın punksiyası, oynaqdaxili inyeksiyalar, fizioterapevtik prosedurlar və reabilitasiya tədbirləri tətbiq olunur.
Ağır osteoartrit və ya oynağın strukturunun tam pozulduğu hallarda isə stasionar şəraitdə diz və bud-çanaq oynaqlarına endoprotezlərin yerləşdirilməsi kimi yüksək texnologiyalı cərrahi əməliyyatlar icbari tibbi sığorta hesabına qarşılanır.
Əməliyyatdan öncəki müayinələr, anesteziya, stasionar yatış, zəruri dərman və tibbi sərf materialları, habelə əməliyyatdan sonrakı nəzarət müayinələri də sığorta fondunun təminatına daxildir.
Artrit əlamətləri müşahidə olunduqda vaxtında həkimə müraciət etmək və vaxtında müalicə olunmaq xəstəliyin erkən aşkarlanması və fəsadlarının qarşısının alınması üçün vacibdir.

