İnsultun ilk əlamətləri və ilk yardım qaydaları: Hər dəqiqə önəmlidir

İnsultun ilk əlamətləri və ilk yardım qaydaları: Hər dəqiqə önəmlidir backend

İnsult – beyin qan dövranının pozulması, beyin toxumalarının zədələnməsi və funksiyalarının itirilməsi ilə nəticələnən kəskin damar fəlakətidir.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu vəziyyət qan, damar və ürək xəstəlikləri fonunda beyin nahiyəsinin kifayət qədər qanla təmin olunmaması, emboliya və ya tromboz səbəbindən baş verə bilər.

Həkim yardımının vaxtında çatdırılması üçün insultun ilk əlamətlərini hər kəsin bilməsi mütləqdir.

İnsultun ilk əlamətləri

  • Baş ağrısı: Qəfil və səbəbsiz yaranan kəskin ağrı.
  • Keyləşmə və zəiflik: Bədənin bir tərəfində və ya müəyyən hissəsində (üz, qol, ayaq) əzələ zəifliyi və ya hissetmənin itməsi.
  • Görmə pozuntusu: Görmənin zəifləməsi və ya gözlərdə ikiləşmə.
  • Nitq problemi: Səlis danışa bilməmək, nitqin anlaşılmaz olması.
  • Müvazinət itkisi: Qəfil müvazinətin pozulması, tez-tez ürəkbulanma və huşun itirilməsi ilə müşayiət olunma.

Bu əlamətləri müşahidə etdikdə dərhal həyəcan təbili çalınmalı və operativ hərəkətə keçilməlidir.

İnsult zamanı ilk yardım

  • Təcili yardım çağırın: İlk növbədə dərhal peşəkar tibbi briqada çağırılmalıdır.
  • Tənəffüsü yoxlayın: Xəstənin nəfəs aldığından əmin olun. Tənəffüs pozulduqda, xəstəni böyrü üstə uzadaraq ağız boşluğunu təmizləyin və tənəffüs yollarını açın.
  • Rahat mövqe seçin: Xəstəni daha rahat vəziyyətə gətirin. İnsult keçirən şəxsi tərpətməyin qadağan olması barədə gəzən fikirlər mifdir.
  • Təzyiqi ölçün: İmkan varsa, mütləq arterial təzyiqi ölçün və göstəriciləri qeyd edin.
  • Zamanı müəyyənləşdirin: Hadisənin tam olaraq nə vaxt baş verdiyini və ya xəstənin axırıncı dəfə nə vaxt normal vəziyyətdə olduğunu dəqiqləşdirməyə çalışın.
  • Qida və su verməyin: Xəstəyə su və ya yemək vermək olmaz, bu vəziyyəti daha da ağırlaşdıra bilər.
  • Dərman verməyin: Heç bir halda xəstəyə özbaşına hər hansı bir medikament vermək olmaz.
  • Təzyiqi süni şəkildə salmayın: İlk saatlarda yüksək təzyiq beynin adaptasiyası ilə bağlıdır, onu aşağı salmağa çalışmayın.

Unutmayın ki, insultun başladığı ilk 3 saat ərzində xəstəyə təxirəsalınmaz trombolizis terapiyası tətbiq oluna bilər. Bu zaman beyin arteriyasını tıxayan trombunu əridən preparat venadaxili yeridilir ki, bu da beyin fəsadlarını tamamilə aradan qaldırmağa və ya əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.

QAZİLER.AZ