Bütöv meyvələrin tez-tez istehlak edilməsi hipertoniya, yüksək xolesterin, ürəyin işemik xəstəliyi və infarkt riskinin azalması ilə bağlıdır, halbuki meyvə şirəsi analoji effekt vermir. Şimali Dakota Universitetinin 371 min insanın məlumatlarını təhlil edən tədqiqatçıları bu qənaətə gəliblər.
Qaziler.az xəbər verir ki, araşdırmanın nəticələri "Current Developments in Nutrition" (CDN) jurnalında dərc olunub.
İştirakçılardan bütöv meyvə və 100%-li meyvə şirəsi istehlakının tezliyi barədə məlumat vermələri istənilib. Alimlərin hesablamalarına görə, subyektlər bütöv meyvələri gündə orta hesabla 1,06 dəfə yedikləri halda, şirəni təxminən üç gündə bir dəfə istehlak ediblər.
Yaş, gəlir, təhsil və siqaret çəkmə amilləri nəzərə alındıqdan sonra, bütöv meyvələrin daha çox istehlak edilməsi hipertoniya, yüksək xolesterin, ürəyin işemik xəstəliyi və infarkt riskinin daha az olması ilə əlaqələndirilib. Meyvə şirəsi üçün isə belə bir qanunauyğunluq aşkar edilməyib.
Tədqiqatçılar ehtimal edirlər ki, bütöv meyvələrin üstünlüyü onların tərkibindəki qida lifləri (sellüloza) və polifenollarla bağlı ola bilər. Şirə hazırlanan zaman sellülozanın əhəmiyyətli bir hissəsi xaric olur ki, bu da içkini qəbul etdikdən sonra şəkər və insulin səviyyəsinin yüksəlmə sürətinə potensial olaraq təsir göstərə bilər.
Bununla belə, tədqiqat meyvələrin ürək-damar xəstəliklərinin qarşısını birbaşa aldığını sübut etmir. Müəlliflər qeyd edirlər ki, tapılan bu əlaqəni təsdiqləmək üçün daha uzunmüddətli tədqiqatlara ehtiyac var.
QAZİLER.AZ

