Türkiyədə həkimlər güclü ağrı, udqunmaqda çətinlik, qanlı öskürək və nəfəs darlığı şikayətləri ilə xəstəxanaya müraciət edən şəxsin boğazında canlı zəli aşkar ediblər.
Qaziler.az xəbər verir ki, bu barədə “T24” yazıb.
İlkin ağciyər müayinəsində hər hansı problem aşkarlanmayıb. Lakin daha ətraflı müayinə zamanı həkimlər səs tellərinin yaxınlığında boğazın arxa divarına yapışmış zəli görüblər.
Güclü qanaxma və parazitin tənəffüs yollarına düşməsi riski səbəbindən xəstə təcili olaraq ümumi anesteziya altında əməliyyat olunub. Zəli tamamilə çıxarılıb.
Əməliyyatdan sonra qanlı öskürək, boğaz ağrısı və nəfəs almaqda çətinlik aradan qalxıb. Xəstə artıq ertəsi gün xəstəxanadan evə buraxılıb.
Məlum olub ki, kişi xəstəxanaya yerləşdirilməzdən təxminən üç həftə əvvəl kənddəki bulaqdan su içib. Bundan təxminən bir həftə sonra udqunmasında və nəfəs almasında problemlər yaranmağa başlayıb.
Həkimlər xəbərdarlıq ediblər ki, kənd yerlərində mənşəyi məlum olmayan, durğun və ya filtrlənməmiş mənbələrdən çiy su içmək olmaz.
QAZİLER.AZ

