Çepmen Universiteti və Los-Ancelesdəki Kaliforniya Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, heç vaxt evlənməmiş kişilər evli kişilərlə müqayisədə bioloji baxımdan daha sürətli qocala bilərlər.
Qaziler.az xəbər verir ki, araşdırma “Frontiers in Aging” jurnalında dərc olunub. Müəlliflər ABŞ-də yaşayan 762 nəfərin məlumatlarını təhlil edərək epigenetik qocalmanın iki göstəricisi — “GrimAge” və “DunedinPACE” üzrə fərqlər aşkar ediblər.
Epigenetik qocalma orqanizmdə gedən proseslərin insanın təqvim yaşına nə dərəcədə uyğun olduğunu və ya onu qabaqladığını göstərir. Bunu qiymətləndirmək üçün alimlər DNT-nin metilləşməsində baş verən dəyişiklikləri araşdırıblar. Bunlar genlərin aktivliyinə təsir edən kimyəvi işarələrdir. Tədqiqatda üç vasitədən istifadə olunub: bioloji yaşı qiymətləndirən “PhenoAge” və “GrimAge”, həmçinin orqanizmin qocalma sürətini göstərən “DunedinPACE”.
Ən nəzərəçarpan fərq heç vaxt evlənməmiş kişilərdə müşahidə olunub. “GrimAge” və “DunedinPACE” göstəricilərinə görə, onlarda evli kişilərlə müqayisədə epigenetik qocalmanın sürətləndiyini göstərən əlamətlər qeydə alınıb. Qadınlarda isə tədqiqatçılar belə bir əlaqə aşkar etməyiblər.
Bununla yanaşı, nikahda olmaq boşanmış və ya ayrı yaşayan şəxslərlə müqayisədə “DunedinPACE” göstəricisi üzrə daha yavaş epigenetik qocalma tempi ilə əlaqələndirilib.
Təhlilə orta və yaşlı insanların sağlamlığına həsr olunmuş Amerikanın “Midlife in the United States” (MIDUS) araşdırmasında iştirak edən 382 kişi və 380 qadın daxil edilib. Alimlər iştirakçıların yaşı, təhsil səviyyəsi, bədən kütlə indeksini, siqaret çəkmə vəziyyətini, irqi və etnik mənsubiyyətini, eləcə də nəticələrə təsir göstərə biləcək digər amilləri nəzərə alıblar.
Müəlliflər vurğulayırlar ki, araşdırma sürətlənmiş qocalma ilə evli olmamaq arasında birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir.
Alimlərin fikrincə, burada sosial dəstək, stress və həyat tərzi kimi amillər rol oynaya bilər. Lakin bu ehtimalları təsdiqləmək üçün əlavə araşdırmalara ehtiyac var.
Müəlliflərə görə, tədqiqatın ən gözlənilməz tapıntısı, evlilik vəziyyəti ilə epigenetik qocalma arasındakı əlaqənin xüsusilə heç vaxt evli olmayan kişilərdə nəzərə çarpmasıdır.
QAZİLER.AZ

