Badımcan yalnız orqanizmi vitamin və minerallarla təmin etdiyinə görə deyil, həm də tərkibindəki antioksidantlara görə sağlamlıq üçün faydalı tərəvəzlərdən hesab olunur. Bu maddələr qanda xolesterinin səviyyəsinin azalmasına və xərçəngin qarşısının alınmasına müsbət təsir göstərə bilər.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, badımcanın tərkibində orqanizm üçün zəruri olan vitamin və minerallarla yanaşı, antioksidant xüsusiyyətlərə malik mühüm fitonutrientlər də var. Bunlara xlorogen və kofein turşuları kimi fenol birləşmələri, həmçinin nasunin kimi flavonoidlər daxildir.
ABŞ Kənd Təsərrüfatı Araşdırmaları Xidmətinin alimləri müəyyən ediblər ki, xlorogen turşusu badımcanda ən güclü antioksidantlardan biridir. Bu maddə sərbəst radikalların hüceyrələrə göstərdiyi oksidləşdirici təsirlə mübarizədə yüksək potensiala malikdir və qanda “pis” xolesterin kimi tanınan LDL səviyyəsinin azalmasına kömək edə bilər.
Xlorogen turşusunun digər xüsusiyyətləri də araşdırılıb. Onun antimutagen təsirə malik olduğu, yəni mutasiyaların və sağlam hüceyrələrin xərçəng hüceyrələrinə çevrilməsinin qarşısının alınmasına kömək edə biləcəyi, həmçinin antiviral xüsusiyyətlərə malik olduğu bildirilir.
Badımcanın qabığında olan digər antioksidant birləşmə — nasunin də diqqət çəkir. Araşdırmalara görə, nasunin xərçəng şişinin yeni qan damarlarının yaranmasını stimullaşdırdığı zaman bu prosesin qarşısını almağa kömək edə bilər. Bu proses angiogenez adlanır, nasunin isə antiangiogen xüsusiyyətə malik birləşmə hesab olunur.
Bu səbəbdən badımcanı qabığı ilə birlikdə yemək onun tərkibindəki faydalı maddələrdən daha yaxşı yararlanmağa imkan verə bilər.
QAZİLER.AZ

