Dünyanın ən təhlükəli delikatesi indi daha da ölümcüldür - Alimlərdən xəbərdarlıq edir

Dünyanın ən təhlükəli delikatesi indi daha da ölümcüldür -  Alimlərdən xəbərdarlıq edir backend

Qlobal istiləşmə məşhur Yaponiya delikatesi olan fuqu balığının hazırlanmasını daha da çətinləşdirir və potensial olaraq təhlükəli edir.

Belə ki, dəniz suyunun temperaturunun yüksəlməsi səbəbindən fərqli dörddişli (iynəqarın) balıq növləri öz yaşayış mühitlərini dəyişir, yeni ərazilərdə qarşılaşır və cütləşirlər. Nəticədə daxilindəki ölümcül tetrodotoksin maddəsinin harada paylandığı hələlik məlum olmayan hibrid növlər yaranır.

Qaziler.az xəbər verir ki, bu barədə "This Week in Asia" nəşri məlumat yayıb.

Zəhərlənmə riskinə baxmayaraq, fuqu Yaponiyada çox yüksək qiymətləndirilir. Bu balıqların bir çox növünün tərkibində iflic, tənəffüsün dayanması və ölümə səbəb ola bilən güclü neyrotoksin – tetrodotoksin var. Bu səbəbdən 1958-ci ildən bəri satış üçün fuqu hazırlayan aşpazlar xüsusi lisenziyaya malik olmalıdırlar.

İndi isə iqlim dəyişikliyi bu ənənəvi təhlükəsizlik sistemini çətinləşdirir. Şimonosekidəki Milli Balıqçılıq Universitetinin professoru Hiroşi Takahaşinin sözlərinə görə, Yaponiyanın sahilyanı sularının temperaturu qlobal orta göstəricidən təxminən iki dəfə sürətlə yüksəlir. Əvvəllər əsasən Yaponiya dənizində yaşayan xallı dörddişli balıqlar şimala doğru hərəkət etməyə və oradakı yerli növlərlə qarışmağa başlayıblar.

Son araşdırmalara görə, Fukuşima və İbaraki prefekturalarının sahillərində tutulan balıqların 40%-ə qədərini məhz hibridlər təşkil edib. Oxşar proseslər Tokio körfəzi ərazisində də baş verir. Orada da digər fuqu növləri yaşayış mühitlərinin dəyişməsi səbəbindən cütləşməyə başlayıblar.

Alimlər xəbərdarlıq edirlər ki, təhlükə hibridlərin mütləq ilkin növlərdən daha zəhərli olmasında deyil. Problem ondadır ki, müxtəlif dörddişli balıqlarda tetrodotoksin fərqli orqanlarda toplanır, yeni hibridlərin isə hansı hissələrinin təhlükəsiz, hansı hissələrinin zəhərli olduğunu dəqiq müəyyən etmək üçün hələlik kifayət qədər məlumat yoxdur.

Yaponiya hakimiyyəti bu növ hibridlərin satışını və istehlakını qadağan edib, lakin onları adi fuqudan vizual olaraq fərqləndirmək bəzən çox çətin olur.

Tədqiqatçılar qeyd edirlər ki, fuqu dəniz ekosistemlərində baş verən daha böyük dəyişikliklərin yalnız bir nümunəsidir. İstiləşmə balıq növlərini yeni ərazilərə köçməyə məcbur edir, burada onlar digər orqanizmlərlə qarşılaşır və normal ekoloji münasibətlərini pozurlar.

QAZİLER.AZ