Batutda tullanan yeniyetmə 19 mikroinsult keçirdi

Batutda tullanan yeniyetmə 19 mikroinsult keçirdi backend

Böyük Britaniyadan olan 13 yaşlı Ruben Şers batutda adi yıxılma ilə başlayan faciə nəticəsində insult və ard-arda 19 mikroinsult keçirib. Həkimlər müəyyən ediblər ki, bir həftə əvvəl boyun nahiyəsindən alınan zərbə yuxu arteriyasının divarını cıraraq damar zəncirində problemə təkan verib.

Qaziler.az xəbər verir ki, bu barədə "Mirror" portalı məlumat yayıb.

4 iyun 2025-ci ildə Ruben batutda uğursuz şəkildə yıxılaraq boynunu zədələyib. Bir həftə sonra kros qaçışı zamanı o, huşunu itirib. İlk MRT müayinəsi tranzit işemik hücum (TİH) və ya mikroinsult əlamətlərini göstərib. Mikroinsult beyində qan dövranının qısamüddətli pozulmasıdır; öz-özünə keçsə də, ciddi xəbərdarlıq siqnalı hesab olunur. Növbəti bir neçə günü oğlan evdə baş ağrıları ilə keçirib, qısa müddət sonra isə valideynləri onu yerdə huşsuz vəziyyətdə tapıblar. Onun üzünün sol tərəfi sallanıb, nitqi pozulub və qolu hərəkətsiz qalıb. Xəstəxanada aparılan KT müayinəsi tam insult faktını təsdiqləyib.

Buna yuxu arteriyasının cırılması səbəb olub. Belə ki, qan beyni qidalandıran arteriya divarının təbəqələri arasına sızaraq tromb (qan laxtası) əmələ gətirib. Tromb qan axınının qarşısını kəsərək insulta yol açıb. Xəstəxanada olduğu iki saat ərzində Ruben daha doqquz mikroinsult keçirib, trombun parçaları qoparaq beyinə doğru hərəkət edib. O, dərhal Bristoldakı ixtisaslaşdırılmış mərkəzə köçürülüb və orada iki gün ərzində daha on tranzit işemik insult qeydə alınıb.

Rubenə trombektomiya əməliyyatı olunub: bud arteriyasından daxil edilən kateter vasitəsilə zədələnmiş nahiyəyə miniatür alətlər yeridilib. 2,5 santimetr uzunluğundakı əsas qan laxtası çıxarılıb və zədələnmiş arteriyaya stent qoyulub. Əməliyyat zamanı daha yeddi xırda fraqment qopub. Onlardan biri beyinə çatsa da, ayrıca xaric edilib. Əməliyyat dörd saat yarım davam edib.

İnsultla Mübarizə Assosiasiyasının məlumatına görə, Böyük Britaniyada hər il təxminən 400 uşağa insult diaqnozu qoyulur. Həkimlər qeyd edirlər ki, yuxu arteriyasının cırılmasına təkcə güclü zərbə deyil, həm də boyunun kəskin hərəkəti səbəb ola bilər. Belə travmalara xüsusilə qolf oyunçuları arasında rast gəlinir.

QAZİLER.AZ