Fiziki yüklənmə olmadan, sakit vəziyyətdə ürək döyüntüsünün sürətlənməsi sağlamlıq problemlərinin əlaməti ola bilər.
Qaziler.az bildirir ki, bu barədə “SM-Klinika”nın kardioloqu Sergey Veçtomov iyulun 16-da bildirib.
Onun sözlərinə görə, bu simptom ilk növbədə arterial hipertenziya, ürək çatışmazlığı və müxtəlif ürək ritm pozğunluqlarının göstəricisi ola bilər.
“Bunlara supraventrikulyar taxikardiya, qulaqcıqların fibrillyasiyası, mədəciklərin fibrillyasiyası və kardioloq tərəfindən mütləq qiymətləndirilməli olan digər hallar daxildir”, — deyə Veçtomov Lenta.ru-ya müsahibəsində xəbərdarlıq edib.
Həkim əlavə edib ki, ürək döyüntüsünün sürətlənməsi hormonal pozğunluqlarla, o cümlədən qalxanabənzər vəz və ya böyrəküstü vəzilərin xəstəlikləri ilə də əlaqəli ola bilər. Anemiya da bu problemin mümkün səbəblərindən biridir.
Bundan başqa, susuzlaşma, elektrolit çatışmazlığı, infeksion xəstəliklər və güclü stress də sakit vəziyyətdə ürək döyüntüsünün sürətlənməsinə səbəb ola bilər.
Veçtomovun sözlərinə görə, əgər sakit vəziyyətdə nəbz davamlı olaraq dəqiqədə 100 vurğunu keçirsə, təcili şəkildə həkimə müraciət etmək lazımdır.
QAZİLER.AZ

