Gənclər arasında smartfonlardan uzun müddət istifadə ilə bağlı əl və bilək xəstəlikləri kompleksi ilə qarşılaşırlar. Bu problemi həmçinin "smartfon biləyi" də adlandırırlar.
Qaziler.az xəbər verir ki, bu barədə "İzvestiya" qəzetinə "Invitro"nun terapevt-həkimi Yevgeni Kosmınin məlumat verib.
Mütəxəssisin sözlərinə görə, bu problemlə ən çox 18-35 yaş arası insanlar üzləşirlər. Onlar əllərdəki ağrılardan, barmaqların uyuşmasından, bilək nahiyəsindəki çıqqıltılardan və tutma gücünün zəifləməsindən şikayətlənirlər. Bu vəziyyətin səbəbi smartfonu uzun müddət bir əldə saxlamaq və mətni baş barmaqla yazmaq vərdişidir.
"Bu vəziyyətdə əl vətərləri və bağlarına düşən yük, əlin təbii vəziyyəti ilə müqayisədə bir neçə dəfə artır. Daimi eyni tipli hərəkətlər vətərlərin iltihabına, sinirlərin sıxılmasına və oynaqların vaxtından əvvəl yeyilməsinə səbəb olur. Əgər yük hər gün təkrarlanarsa, toxumalar bərpa olunmağa vaxt tapmır və problem tədricən xroniki xarakter alır", — deyə terapevt izah edib.
O vurğulayıb ki, ilkin mərhələlərdə xəstəlik özünü yalnız yüngül diskomfortla büruzə verir. Lakin zaman keçdikcə pasiyentlər baş barmağın əsasında və bilək nahiyəsində ağrı, barmaqların qarışqa gəzməsi və uyuşması, hərəkət məhdudiyyəti, hərəkət zamanı xırıltı və ya çıqqıltı, həmçinin əlin tez yorulmasını hiss etməyə başlayırlar.
QAZİLER.AZ

