Hansı qidalar dərmanlarla qarşılıqlı təsir göstərir?

Hansı qidalar dərmanlarla qarşılıqlı təsir göstərir? backend

Müalicə kursu keçdiyiniz zaman dərman qəbulundan qısa müddət əvvəl və ya sonra hansı qidaları yediyinizə diqqət yetirmək vacibdir. Səbəb nədir? Bəzi qidalar dərmanların faydalı təsirini gecikdirə və ya tamamilə aradan qaldıra bilər. Bəzi hallarda isə əlavə təsirlər  və ya müəyyən sağlamlıq problemləri yarana bilər.

Qaziler.az xarici mətbuata istinadən bununla bağlı tövsiyələri təqdim edir.

Qreypfrutdan nə zaman imtina etmək lazımdır

Qreypfrut çoxlu faydalı maddələr ehtiva etməsinə baxmayaraq, geniş çeşiddə dərmanlarla qarşılıqlı təsirə girir. Yarım stəkan qreypfrut şirəsi antibiotiklərin, ağrıkəsicilərin, xərçəng və ya xolesterinə qarşı dərmanların təsirini üç dəfəyə qədər artıra bilər. Müalicə zamanı bu meyvənin qəbul edilməsi əlavə təsirlərə (mədə qanaxması, böyrək problemləri, əzələ ağrıları, ürək ritminin pozulması) səbəb ola bilər.

Əgər antidepresanlar, doğuşa nəzarət həbləri, ürək-damar xəstəlikləri və ya astma əleyhinə dərmanlar qəbul edirsinizsə, qreypfrut yeməyin.

Antibiotik qəbul edirsinizsə, süd içməyin

Antibiotik qəbulundan iki-üç saat əvvəl və ya sonra kəsmik, yoqurt və süd məhsullarından istifadə etməməyə çalışın. Süd məhsullarının tərkibindəki kalsium, maqnezium və dəmir ionları həzm sistemində antibiotiklərin sorulmasına mane olur və nəticədə onların müsbət təsiri əhəmiyyətli dərəcədə azalır.

Alkoqol istənilən müalicə zamanı zərərli ola bilər

Spirtli içkilər ağrıkəsici və öskürək əleyhinə dərmanlar, sakitləşdirici vasitələr və trankvilizatorlar, antidepresanlar, eləcə də bəzi allergiya əleyhinə dərmanlarla uyğun gəlmir. Belə kombinasiyalarda alkoqol refleksləri zəiflədir və yuxululuğa səbəb olur.

Əgər parasetamol, ibuprofen və ya aspirin qəbul etdikdən qısa müddət sonra spirtli içki içsəniz, mədə yanması yarana bilər. Əlavə təsirlər bu dərmanların toksikliyinin artması nəticəsində meydana çıxır, çünki alkoqol qaraciyər fermentlərinə təsir edir.

Yaşıl tərəvəzlər antikoaqulyantların təsirini azaldır

Əgər qan laxtalanmasının qarşısını almaq üçün dərman qəbul edirsinizsə, yaşıl tərəvəzləri — kələm, brokoli, ispanaq, cəfəri və ya kahı — mümkün qədər az yeməyə çalışın. Bu məhsulların tərkibində qanın laxtalanmasını artıran yüksək miqdarda K vitamini var və onlar trombların yaranmasını asanlaşdıraraq dərmanların təsirini azalda bilər. Buna görə gündə yalnız bir porsiya tərəvəzlə kifayətlənmək tövsiyə olunur.

Qastroenteroloq mütəxəssisin məsləhəti:

Dərmanlarla qida məhsulları arasında ən çox rast gəlinən və zərərli qarşılıqlı təsirlərdən bəziləri bunlardır:

  • Xərçəng müalicəsində istifadə olunan bəzi dərmanlar (kortikosteroidlər qrupu) natriumla zəngin qidalarla (duzlu yerfındığı və ya püstə kimi) qəbul edildikdə böyrəklərdə və mədə-bağırsaq sistemində əlavə reaksiyalara səbəb ola bilər.
  • Qəhvə mədə və onikibarmaq bağırsaq xoralarının müalicəsində istifadə olunan dərmanların təsirini azalda bilər.
  • Kofein əsaslı digər içkilər tərkibində efedrin adlı aktiv maddə olan astma əleyhinə dərmanların təsirini artıra bilər.
  • Bitki mənşəli liflər ürək-damar xəstəliklərinin müalicəsində istifadə olunan digoksin maddəsinin sorulmasını azaldır.

 

QAZİLER.AZ